sa sa 1405
12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür Dek 12, 2021 | 09:00 / Mühüm hadisələr

Bu gün Vətənini, dövlətini sevən hər bir azərbaycanlı Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edir. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoyub. Azərbaycanın tarixi və taleyi, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib Orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər. Prezident İlham Əliyevin ulu öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Əsası Heydər Əliyev tərəfindən qoyulan, müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi. Artıq Ulu Öndərin ruhu şaddır ki, Vətən torpaqlarımız erməni işğalından azad olunub. Bu qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması deyil, eyni zamanda Heydər Əliyevin azərbaycançılıq ideologiyasının ətrafında hər bir vətəndaşın sıx birləşməsi deməkdir.