sa sa 434
Fiziologiya İnstitutunun illik hesabatı dinlənilib + Foto Dek 20, 2021 | 12:16 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının birgə iclası keçirilib.

Tədbirdə institutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova hesabatı təqdim etmək üçün sözü müəssisənin baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovaya verib.

U.Həşimova məruzəsində cari ildə Dövlət proqramlarının icrası ilə əlaqədar müəssisədə yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verərək, 4 problemin həlli üzrə 13 mövzuya aid 28 elmi-tədqiqat işinin 43 mərhələsinin yerinə yetirildiyini bildirib. Hesabat ilində institut əməkdaşları tərəfindən ümumilikdə 175 elmi əsərin, o cümlədən 62 məqalə və 113 məruzə tezislərinin yerli və xarici elmi mətbuatda nəşr edildiyi, 9 məqalənin impakt faktorlu jurnallarda dərc olunduğu vurğulanıb. İnstitut əməkdaşlarının həm respublikada, həm də xaricdə çoxsaylı onlayn konfranslarda və vebinarlarda iştirak etdiyi diqqətə çatdırılıb.

Məruzəçi tərəfindən institutda herontologiya, neyrofiziologiya, hüceyrə fiziologiyası üzrə aparılan fundamental tədqiqatların ən mühüm nəticələri iştirakçılara təqdim edilib və bu nəticələr üzrə yüksək impakt faktorlu jurnallara məqalələrin hazırlandığı bildirilib.

Ulduz Həşimova qeyd edib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənib, digər universitetlərlə elmi-pedaqoji əlaqələr davam etdirilir.

Son illərdə müəssisənin beynəlxalq əlaqələrinin daha da genişləndiyini vurğulayan professor 2021-ci ildə 2 xarici (Rusiya, Türkiyə) və 3 yerli təşkilatla qarşılıqlı əməkdaşlıq haqqında rəsmi müqavilələrin imzalandığını da nəzərə çatdırıb.

Müəssisənin baş direktoru institutun AMEA-nın koronavirus pandemiyasına qarşı mübarizə, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı tədbirlərində yaxından iştirak etdiyi haqda məlumat verib.

Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq rəhbərliyə və əməkdaşlara tapşırıq və tövsiyələrini bildirib.

Sonda institutun 2021-ci ildə fəaliyyəti üzrə hesabatı qəbul edilib.

science.gov.az