sa sa 381
Professor Ulduz Həşimovaya İƏT-in elm sahəsi üzrə mükafatı təqdim olunub + Foto Dek 24, 2021 | 15:00 / Mühüm hadisələr

Məlum olduğu kimi, 28 noyabr 2021-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanda keçirilən 15-ci Zirvə toplantısı çərçivəsində müxtəlif elm sahələri üzrə İƏT mükafatları təqdim olunub. Elm sahəsi üzrə Azərbaycan Respublikasının namizədi Azərbaycan Milli Elmlər Akademiyasının Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova da qalib seçilib və onun adına müvafiq medal, sertifikat, eləcə də pul mükafatı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə təqdim olunub.

Dekabr ayının 23-də AMEA-nın Rəyasət Heyətində həmin mükafatın təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bu mükafatın professor Ulduz Həşimovanın əməyinə verilən bir dəyər olduğunu qeyd edərək onu yüksək qiymətləndirib. Bildirib ki, belə bir diqqət canlı orqanizm və onun həyat fəaliyyətini öyrənən fiziologiya kimi ciddi bir elm sahəsinə  - Abdulla Qarayev adına Fiziologiya İnstitutuna rəhbərlik edən alimi bundan sonra daha ciddi işlər görməyə sövq edəcək.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli mükafatın professor Ulduz Həşimovanın timsalında bütün Azərbaycan alimlərinin, eləcə də Biologiya və Tibb Elmləri Bölməsinin uğurlu hadisəsi olduğunu bildirib. Alim mükafatın alimlərimizi yeni nailiyyətlərə səfərbər edəcəyini söyləyib.

Tədbirdə çıxış edən professor Ulduz Həşimova İqtisadi Əməkdaşlıq Təşkilatının elm sahəsi üzrə builki mükafatının azərbaycanlı alimə verilməsindən qürur duyduğunu dilə gətirib. Mükafata şanlı qələbəmizin prizmasından baxan alim bu dəyərin dövlətimizin və ölkə rəhbərliyinin beynəlxalq arenada artan nüfuzunun təcəssümü olduğunu vurğulayıb.

Professor Ulduz Həşimova ölkə rəhbərliyinə, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə və AMEA-ya öz dərin minnətdarlığını bildirib.

Sonra Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə çıxış edərək hər iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirin sonunda Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovaya müvafiq medal, sertifikat, eləcə də pul mükafatı təqdim edilib.

Həmçinin akademik İsa Həbibbəyli tərəfindən fövqəladə və səlahiyyətli səfir Əli Əlizadəyə AMEA-nın 2021-ci ildəki nəşrləri hədiyyə olunub.

science.gov.az