sa sa 374
Mərkəzi Nəbatat Bağında Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib + Foto ,Video Dek 24, 2021 | 20:00 / Mühüm hadisələr

AMEA-nın Mərkəzi Nəbatat Bağında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrinin rəhbərləri, Mərkəzi Nəbatat Bağının əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Bağda bu ilin oktyabr ayından etibarən başladılmış genişmiqyaslı abadlıq-quruculuq işlərinin vəziyyəti ilə tanışlıq olub.

Bağla tanışlıq zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş 60 ədəd Şərq çinarından ibarət “Prezident Çinarlığı”nın salınması işlərinə də baxış keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Mərkəzi Nəbatat Bağının 1934-cü ildə Bakı şəhərində yaşıllaşdırma işlərinin aparılması, Azərbaycan və digər ölkələrin bitki nümunələrinin toplanılaraq kolleksiyalarının yaradılması məqsədilə yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, hazırda Bağda müxtəlif kolleksiyaların hazırlanması ilə yanaşı, həm də dərman bitkiləri üzrə elmi tədqiqatlar aparılır.

“Yaşıllıqların qorunması hər zaman Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin diqqət mərkəzində olmuşdur”, - deyə bildirən akademik İ.Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kimi layihələrin təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

O, hazırda AMEA-da bütün istiqamətlər üzrə aparılan genişmiqyaslı islahatların Mərkəzi Nəbatat Bağından da yan keçmədiyini diqqətə çatdırıb. Vitse-prezident AMEA prezidentinin göstərişinə əsasən, Bağa yeni rəhbərliyin təyin olunması ilə burada ciddi islahatlara başlanıldığını, həmçinin elmi tədqiqat işlərinin yeni prioritetlərinin müəyyənləşdirildiyini bildirib.

Akademik İ.Hüseynova Mərkəzi Nəbatat Bağında Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Prezident Çinarlığı”nın salınmasını yüksək qiymətləndirib, elmi ictimaiyyət adından cənab Prezidenti doğum günü münasibətilə təbrik edib.

Bağda məhz çinar meşəsinin salınmasının bir neçə rəmzi məna kəsb etdiyini deyən İ.Hüseynova bu təşəbbüsün Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər ilə Azərbaycan xalqını məğrur edən, onun qürurunu qaldıran və qalib xalqa çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin ömrünün uzunömürlülük rəmzi olan bu ağac kimi uzun olmasına işarə etdiyini bildirib. Əlavə edib ki, digər tərəfdən ermənilər işğal dövründə Zəngilanda yerləşən, Avropada yeganə hesab olunan çinar meşəsini məhv etmişdilər. O, bu çinarlığın salınmasının ermənilərin vandallığına qarşı da bir cavab olduğunu diqqətə çatdırıb: “Vaxt gələcək, bu çinarlıq xalqımız kimi qol-budaq atacaq və Azərbaycanın yaşıllıq ərazilərindən biri kimi xalqın sevimli məkanına çevriləcək”.

Daha sonra Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev Bağda görülən işlərə dair ətraflı məlumat verib. Qeyd edib ki, qısa müddət ərzində 41 hektar sahəni əhatə edən Bağın təxminən 3 hektarlıq ekskursiyaya açıq ərazisi kol-kos və qurumuş ağaclardan təmizlənib, quru budaqların budanması, ağac diblərinin bellənməsi kimi zəruri aqrotexniki tədbirlər həyata keçirilib.

Baş direktorun sözlərinə görə, bərpa işləri zamanı Bağın ərazisində suvarma sisteminın səmərəli təşkili məqsədilə müxtəlif diametrli yeni su boruları və su təhcizatı şəbəkəsi qovşaqları quraşdırılıb. Həmçinin su hovuzlarının təmizlənilməsi və təmiri həyata keçirilib.

“Bağda yol infrastrukturu müasir vəziyyətə çatdırılaraq ziyarətçilərin rahat gediş-gəlişinin təmin olunması üçün genişmiqyaslı təmir-tikinti işləri aparılıb. Ekskursiyaya açıq sahələrdə müasir işıqlandırma sisteminin quraşdırılması istiqamətində işlər uğurla davam etdirilib”, - deyən baş direktor qeyd olunan işlər çərçivəsində Bağın 1-ci sahəsinin yeni işıq dirəkləri ilə təhciz edildiyini, 75 ədəd işıq dirəyinin quraşdırıldığını bildirib. O, həmçinin Mərkəzi Nəbatat Bağına 10 000-dən çox dekorativ bitki və meyvə ağaclarının əkildiyini diqqətə çatdırıb.

N.Allahverdiyev qeyd edib ki, Nəbatat Bağında mərhələli şəkildə həyata keçiriləcək yenidənqurma işləri çərçivəsində çay kolleksiyası da yaradılıb. Bu məqsədlə Azərbaycanın Lənkəran bölgəsindən çay tingləri gətirilərək Bağın ərazisində ayrılmış xüsusi sahədə əkilib.

science.gov.az