sa sa 182
“Milli iradəmizin zəfər tarixi – 20 Yanvar” mövzusunda anım tədbiri keçirilib + Foto Yan 20, 2022 | 12:30 / Konfranslar, iclaslar

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) və YAP AMEA Rəyasət Heyəti aparatının ərazi təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Milli iradəmizin zəfər tarixi – 20 Yanvar” mövzusunda anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP AMEA Rəyasət Heyəti aparatının ərazi təşkilatının sədri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov çıxış edərək 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələr haqqında ətraflı məlumat verib. O, çıxışında ümummilli lider Heydər Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşmasını diqqətə çatdırıb. Həmçinin ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adının uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğısından danışmışdır.

Sonra tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək Qanlı Yanvar hadisəsinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi, eyni zamanda xalqımızın qəhrəmanlıq, mərdlik səhifəsi kimi daxil olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Qarabağda yaşayan 100 minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından qovulmasına yönəlmiş və azərbaycanlılara qarşı məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırım siyasətindən bəhs edib. Haqq-ədalətin bərqərar olması uğrunda ucalan hiddət səslərindən təşvişə düşən SSRİ rəhbərliyinin törətdiyi amansız cinayətə ilk siyasi-hüquqi qiymətin məhz ulu öndər Heydər Əliyev tərəfindən verildiyini bildirib. Həmçinin Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinə göstərdiyi ehtiram, o cümlədən şəhid ailələrinin sosial müdafiəsinin, pensiya təminatının gücləndirilməsi istiqamətində görülən mühüm işləri diqqətə çatdırıb. Sonra E.Babayev bünövrəsi 20 Yanvar hadisələri zamanı qoyulan qəhrəmanlıq, şücaət dastanının İkinci Qarabağ müharibəsində də davam etdirildiyini və ordumuzun tarixi zəfər qazandığını vurğulayıb. O, AMEA-nın gənc alimlərinin ölkəmizin çiçəklənməsi istiqamətində görülən işlərdə fəallıq nümayiş etdirdiklərini, eləcə də xarici arenalarda ölkəmizi layiqincə təmsil etməkdə məsul olduqlarını və bu işin öhdəsindən şərəflə gələcəklərinə əmin olduğunu söyləyib.

Tədbirdə Fizika İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İbrahimov, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, AMEA GAMŞ-ın sədr müavinləri Şəfa Əliyeva və Behbud İbrahimov, İnformasiya Texnologiyaları İnstitutunun GAMŞ sədri Aysən Fərəcova, İdarəetmə Sistemləri İnstitutunun GAMŞ sədri Lamiyə Nəcəfova və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Əzimova çıxış edərək 20 Yanvar hadisələri ilə bağlı fikir bildirib, xatirələrini bölüşüblər.

Daha sonra Polimer Materialları İnstitutunun GAMŞ sədri Günel Qurbanlı 20 Yanvar faciəsi zamanı şəhid və qazi olan dəyərli kimyaçı alimlərimiz haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

science.gov.az