sa sa 841
AMEA Rəyasət Heyətinin iclası keçirilib + Foto Mart 12, 2022 | 04:41 / Konfranslar, iclaslar

Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov, Rəyasət Heyətinin digər üzvləri akademiklər - İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Cəmil Əliyev, Fikrət Əliyev, Adil Qəribov və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib.

Əvvəlcə iclasda akademik Arif Həşimov AMEA-nın müxbir üzvləri Səlimə Mehdiyevaya 80 və Tofiq Məmmədova 65 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanlarını təqdim edib.

Yığıncaqda müzakirəyə çıxarılan ilk məsələ 27 mart – “Elm günü” haqqında olub. Mövzu ilə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, ölkə başçısının 9 aprel 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Elmlər Akademiyasının təsis edildiyi 27 mart  tarixi respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramı – “Elm günü” olaraq müəyyən edilib. Akademikin sözlərinə görə, “Elm günü”nün təsis edilməsi Prezident İlham Əliyevin elmə göstərdiyi müstəsna qayğının və Azərbaycan aliminə verdiyi yüksək dəyərin təzahürüdür.

“1945-ci ilin martında təsis edilən Elmlər Akademiyası Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında xüsusi xidmətlər həyata keçirib. Ümummilli lider Heydər Əliyev Akademiyanı “Azərbaycan xalqının milli  sərvəti” adlandırıb. Belə yüksək dəyər ona görədir ki, bu elm məbədindən yayılan mənəvi-intellektual enerji uzun onillər boyu bütövlükdə milli mədəniyyətimizi stimullaşdırıb. Müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşması, milli ziyalı elitasının yetişdirilməsi son onilliklərdə həm də məhz Akademiyanın fəaliyyəti nəticəsində mümkün olub. Xüsusən ötən əsrin 70-80-cı illərində Azərbaycanda yaranan nüfuzlu elmi məktəblər yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verib. Hazırda bir tərəfdən dünyanın yeni reallıqları ilə şərtlənən qlobal çağırışlara, digər tərəfdən Azərbaycanın tarixi Zəfərindən sonra bölgədə və ölkədə  yaranmış yeni reallıqlara uyğun olaraq Azərbaycan elmi, onun əsas aparıcı mərkəzi olan AMEA öz inkişafını davam etdirməkdədir. Akademiyanın yaxın perspektivdəki hədəfi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və ölkənin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməkdir”, - deyə akademik Arif Həşimov qeyd edib.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyəti elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq, AMEA-nın “Elm günü”nə həsr olunmuş Tədbirlər planını təsdiq edib. Nəzərdə tutulan tədbirlərin mart-aprel aylarında icrası məqsədəuyğun hesab olunub.

Daha sonra iclasda AMEA-nın Rəyasət Heyəti Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu və AMEA-nın “Təcrübə-Sənaye Zavodu” MMC-nin “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı elmi işinin xüsusi əhəmiyyətini nəzərə alaraq, 2022-ci il üçün texnika sahəsi üzrə Azərbaycan Respublikasının “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na təqdim olunması haqqında qərar qəbul edib.

Akademik Arif Həşimov, həmçinin Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzvlüklə bağlı da məlumat verib.

Daha sonra iclasda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək ölkə başçısının “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2021-il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası haqqında danışıb. Akademikin sözlərinə görə, Sərəncamda AMEA və AR Təhsil Nazirliyinə görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə dair Tədbirlər planının birlikdə hazırlanaraq həyata keçirilməsi tapşırılıb. O qeyd edib ki, 5 fevral 2021-ci il tarixində AMEA-nın Rəyasət Heyəti və AR Təhsil Nazirliyinin Kollegiyasının birgə qərarı ilə professor Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Tədbirlər planı təsdiq olunub.

Tədbirlər planında nəzərdə tutulan 21 bənd üzrə bir sıra elmi, elmi-təşkilati, elmi-pedaqoji, innovativ və populyarlaşdırma sahəsində işlərin müvafiq olaraq, AMEA və AR Təhsil Nazirliyinin məsul qurumları tərəfindən icra edildiyini deyən akademik Rasim Əliquliyev bütövlükdə görkəmli elm xadimi Lütfi Zadənin elmi irsinin araşdırılması, tətbiqi və təbliği istiqamətində mühüm addımların atıldığını, görülən işlər haqqında birgə hesabatın hazırlandığını söyləyib.

O cümlədən AMEA-nın elmi müəssisələrinin “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirakı haqqında məlumat verən AMEA-nın vitse-prezidenti festivalın 26-29 may 2022-ci il tarixlərində Bakı şəhərində keçiriləcəyini bildirib. Akademik Rasim Əliquliyev festivalın Türkiyə və Azərbaycan arasında bütün sahələrdə mövcud olan yüksək əməkdaşlıq münasibətlərinin növbəti təzahürü olduğunu, qardaş ölkənin məsul qurumlarının böyük dəstəyi ilə təşkil ediləcək festivalın ən son trend və texnologiyalar ilə tanış olmaq imkanı yaratdığını vurğulayıb. Festivalda AMEA-nın pavilyonu üçün müvafiq sahənin ayrıldığını deyən akademik Rasim Əliquliyev Akademiyanın elmi müəssisələrinin “Teknofest”də yaxından iştirakının zəruriliyinə toxunub.

Akademik Arif Həşimov öz növbəsində “Teknofest Azərbaycan” festivalında AMEA-nın yüksək səviyyədə iştirakı və elmi nailiyyətlərin sərgilənməsi ilə bağlı tapşırıqlarını verib.

İclasda, o cümlədən UNESCO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin yeni tərkibinin təsdiqlənməsi məsələsinə baxılıb. AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova mövzu ilə bağlı çıxış edərək bildirib ki,  1999-cu ildən Akademiyanın Rəyasət Heyətinin UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə təsis etdiyi UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsi fəaliyyət göstərir. Onun sözlərinə görə, son illərdə bəzi üzvlərin vəfat etməsi və yaxud müxtəlif səbəblərdən öz fəaliyyətlərini dayandırması ilə əlaqədar Milli Komitənin tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb.

Qeyd olunanlarla bağlı AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin vəsatətini nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin yeni tərkibi təsdiqlənib.

Bundan əlavə, akademik Şahin Mustafayevin 60, AMEA-nın müxbir üzvləri Vaqif Quliyevin 65, Oqtay Səmədov, Novruz Quliyev və Səlahəddin Xəlilovun 70, Cəfər Qiyasinin 80 illik, fizika-riyaziyyat elmləri doktoru Rövşən Xəlilovun və riyaziyyat üzrə fəlsəfə doktoru Tamilla Həsənovanın isə 70 illik yubileyləri haqqında qərarlar qəbul edilib.

Həmçinin Fizika İnstitutunun, İdarəetmə Sistemləri İnstitutunun və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun yeni strukturu, eləcə də Fizika İnstitutunun və Botanika İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiqlənib.

Rəyasət Heyətinin müvafiq qərarları ilə filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova AMEA Hüseyn Cavidin Ev Muzeyinin, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova isə Neft və Qaz İnstitutunun elmi katibi vəzifəsinə təyin ediliblər.

Eyni zamanda iclasda Memarlıq və İncəsənət İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Gülər Həsənli, Fizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Nurlanə Baliyeva doktoranturadan, Milli Azərbaycan Tarixi Muzeyinin elmlər doktoru hazırlığı üzrə dissertantları Sənubər Qasımova və Ülkər Mehdiyeva isə dissertanturadan öz ərizələri əsasında azad ediliblər. Həmçinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Günay Ağayeva qiyabi doktoranturaya keçirilib, İdarəetmə Sistemləri İnstitutunun əyani doktorantı Bəyaz Bağırzadəyə isə möhlət verilib.

Sonda akademik Arif Həşimov çıxış edərək AMEA Rəyasət Heyətinin üzvlərini və Akademiyanın əməkdaşlarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

science.gov.az