sa sa 2085
9-cu “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda beynəlxalq konfrans davam edir + Foto Dek 17, 2018 | 17:55 / Konfranslar, iclaslar

Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən 9-cu “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda beynəlxalq konfrans işinə başlamışdır. Konfrans AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Beynəlxalq Fotosintez Cəmiyyəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransda Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən də alimlər iştirak edirlər. Konfrans iştirakçıları Fəxri xiyabanda görkəmli alimin xatirəsini yad edərək, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə,   Kənd təsərrüfatı naziri İnam Kərimov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Cəlal Əliyevin rəhbərliyi ilə yeni fundamental elmi-tədqiqat işlərinin təşkilindən,  elmi fəaliyyətinin əsasən ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib olan sahələrə yönəldiyindən, Azərbaycan elmindəki misilsiz xidmətlərindən, müsbət insani keyfiyyətlərindən söz açaraq bir şəxsiyyət kimi tələbələrinə daim örnək olan alimin Azərbaycanda biologiya elminin inkişafında müstəsna rolundan, bir sıra yeni elmi istiqamətlərin müəyyənləşdirilməsində, aktual problemlərin həllində və fotosintez prosesinin kompleks tədqiqində rolundan bəhs etmişlər. Tədbirdə Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye “Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələr” mövzusunda məruzə edib. Sonra Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi akademik Cəlal Əliyev adına mükafatın təqdimatı olub. Mükafatı professor Julian Eaton-Rye Fotosintezin tədqiqində böyük nailiyyətləri olan Yaponiyanın Okayama Universitetinin Fənlərarası Elmi-Tədqiqatlar İnstitutunun professoru Jian-Ren Shenə təqdim etmiş və qeyd etmişdir ki, belə bir mükafatın təsis edilməsi Cəlal Əliyevin biologiya elminə verdiyi töhfələrin dünya miqyasında tanınması deməkdir. Sonra digər konfrans iştirakçıları Cəlal Əliyev haqqında xatirələrini bölüşdülər. Konfransın səhər iclasının sonunda Cəlal Əliyevə həsr olunmuş “Elm Həqiqətdir” qısametrajlı filmi nümayiş etdirildi. 

Beynəlxalq konfrans günortadan sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda işini davam etdirmişdir. Görkəmli alimin 90 illik yubileyi münasibətilə  “Akademik Cəlal Əliyev qiraətləri” keçirilmişdir. Tədbirdə Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye və Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi akademik Cəlal Əliyev adına mükafatın ilk nominantı, Yaponiyanın Okayama Universitetinin Fənlərarası Elmi-Tədqiqatlar İnstitutunun professoru Jian-Ren Shen və Fransa Milli Kənd Təsərrüfatı Elmi Tədqiqatlar İnstitutundan doktor Ahmad Kheyr-Pour iştirak etmişlər. İnstitutun direktoru akademik İradə Hüseynova konfrans iştirakçılarını salamlamış və professor Jian-Ren Sheni konfrans iştirakçılarına təqdim etmiş, alimin elmi fəaliyyəti və nailiyyətləri haqqında məlumat vermişdir.  

Yaponiyalı qonaq Cəlal Əliyev adına mükafata layiq görülməsinin özü üçün böyük bir şərəf olduğunu qeyd etmiş və bu mötəbər tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirmişdir. Sonra professor Jian-Ren Shen “Fotosintetik membranın zülal komplekslərinin struktur-bioloji tədqiqatları” mövzusunda mühazirə oxumuşdur. Mühazirə böyük maraqla qarşılanmış və mühazirə ətrafında geniş müzakirə keçirilmişdir.