sa sa 782
Akademik İradə Hüseynova: “AMEA YT Park və STEPI arasında həyata keçirilən innovativ layihə Azərbaycanda elm və texnologiyaların inkişafı üçün geniş imkanlar açır” Mart 30, 2022 | 20:50 / Mühüm hadisələr

AMEA-nın elmin kommersiyalaşdırılmasına xidmət edən qurumu olan Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında 2022-2024-cü illərdə həyata keçrilməsi nəzərdə tutulan “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” adlı innovativ layihə Azərbaycanda elm və texnologiyaların inkişafı üçün geniş imkanlar açır.

Bu barədə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova rəhbərlik etdiyi institutda keçirilən Elm gününə həsr olunmuş elmi seminarda çıxışı zamanı bildirib.

Akademik İradə Hüseynova martın 29-da “Azərbaycanda AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə keçirilən ilk onlayn görüşdə iştirak etdiyini bildirib, bu kimi layihələrin icrasının Azərbaycan elminin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Alim STEPI-nin tərəfdaşlığı ilə son 7 ildə 16 layihənin icra edildiyini qeyd edərək Azərbaycanın Cənubi Qafqaz regionunda, o cümlədən MDB dövlətləri arasında Koreyanın təqdim etdiyi bu imkanlardan faydalanmış və ən çox layihə həyata keçirmiş ölkə statusuna sahib yeganə dövlət olduğuna diqqət çəkib.

Vitse-prezident əlavə edib ki,  3 il ərzində icrası nəzərdə tutulan innovatov layihə Yüksək Texnologiyalar Parkının əməliyyat potensialını və rəqabət qabiliyyətini əsas təlim proqramları vasitəsilə gücləndirməyi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılmasına və inkişafına dəstək verməyi, eləcə də əməliyyat təcrübəsini artırmağı hədəfləyir.

İradə Hüseynova, həmçinin AMEA-nın gənc tədqiqatçılarının bu kimi layihələrə cəlb olunmasının onların elmə marağının artırılması, fəaliyyətlərinin stimullaşdırılması baxımından zəruri olduğunu bildirib. 

science.gov.az