sa sa 848
Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclası keçirilib + Foto Apr 17, 2022 | 21:00 / Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Elmi şuranın sədri əvvəlcə aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki çıxışından irəli gələn vəzifələr barədə danışıb. O, cənab Prezidentin son dövrlərdə dünyada baş verən ərzaq qıtlığı və inflyasiyanın yaratdığı problemlər, Rusiya-Ukrayna müharibəsi fonunda bu tipli problemlərin daha da kəskinləşməsi, ölkədə taxıl, xüsusilə ərzaqlıq buğda istehsalının bir neçə dəfə artırılmasına yaranmış ehtiyac və s. barədə vurğuladığı məsələlər, qarşıya qoyduğu hədəflər barədə danışıb, bu hədəflərlə bağlı BTEB-in institutlarının üzərinə düşən vəzifələrə diqqət çəkib.

Məsələ ilə bağlı müzakirələrdə AMEA-nın müxbir üzvləri Əlövsət Quliyev və Zeynal Əkpərov çıxış edərək Azərbaycanın özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməyə qadir olduğunu bildiriblər.

Sonra akademik İradə Hüseynova 27 aprel 2022-ci il tarixində keçirilməsi planlaşdırılan AMEA-nın Ümumi yığıncağına hazırlıq barədə danışıb, lazımi tövsiyə və tapşırıqlarını verib.

Akademik İradə Hüseynova iclasda, həmçinin Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşri ilə bağlı məsələyə də toxunub və fəaliyyətlərin intensivləşdirilməsinin vacibliyinə diqqət çəkib.

Məsələ ilə bağlı AMEA-nın Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevə çıxış edərək görülən işlər barədə qısa məlumat verib.

Sonra AMEA-nın Mikrobiologiya İnstitutunun Elmi şurasının yeni tərkibi ilə bağlı məsələ müzakirə edilib və müvafiq qərar qəbul olunub.

İclasda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyevin 85, AMEA-nın Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Eldar Novruzovun 80, AMEA-nın Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Yeganə Mahmudovanın 60,  həmin müəssisənin Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Natalya Sneqovayanın isə 50 illiyi haqqında və bir sıra digər məsələlərə baxılaraq müvafiq qərarlar qəbul olunub.

science.gov.az