sa sa 1058
Biologiya və Tibb Elmləri Bölməsi 2021-ci ildəki fəaliyyətinə dair hesabat verib Apr 27, 2022 | 14:00 / Mühüm hadisələr

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bildirib ki, hər il olduğu kimi ötən il də bölmədə müasir dövrün çağırışlarına, çoxsaylı dövlət proqramı, strategiya, konsepsiya, tədbirlər planlarında (“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin, sitrus meyvəçiliyinin, tütünçülüyün, çayçılığın, çəltikçiliyin, pambıqçılığın, şərabçılığın və s. inkişafına dair Dövlət proqramları, eləcə də “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın və s.), Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, Nazirlər Kabinetinin qərar və sərəncamlarında təsbit edilmiş tapşırıqların icrasına istiqamətlənmiş elmi tədqiqatlar aparılmış, hər bir tapşırıq üzrə hesabatlar hazırlanaraq müvafiq qurumlara təqdim edilmişdir.

Natiq həmçinin vurğulayıb ki, AMEA-nın Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı”, AMEA-nın Rəyasət Heyətinin “AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 2020-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” 13 yanvar 2021-ci il tarixli qərarının müvafiq tapşırıqları, AMEA-nın Ümumi yığıncağının 27 may 2021-ci il tarixli qərarı və “AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf proqramı” haqqında 28 dekabr 2019-cu il tarixli qərarından irəli gələrək müvafiq tapşırıqlar yerinə yetirilib.

Akademik İradə Hüseynovanın sözlərinə görə, 2021-ci ildə biologiya və tibb elmləri üzrə elmi-tədqiqat işlərinin əsas istiqamətlərini biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması təşkil edib. Eyni zamanda BTEB üzrə kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi, patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətində tədqiqatların aparıldığını söyləyib.

Diqqətə çatdırıb ki, qeyd olunan istiqamətlər üzrə bölmənin tərkibində olan institutlarda hesabat ilində 22 problem, 84 mövzu, 252 iş, 523 mərhələ üzrə tədqiqatlar aparılıb, 10 iş, 376 mərhələ tamamlanıb və 12 respublika patenti alınıb. Alim bildirib ki, hesabat ilində BTEB üzrə 17, bölmədənkənar elm və təhsil müəssisələri üzrə isə 12 mühüm nəticə əldə edilib.

Qarabağa elmin böyük qayıdışı ilə bağlı görülən işlərdən danışan natiq bölmə əməkdaşlarının Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin işçi qruplarında təmsil olunduğunu, bölgənin su və torpaqlarının, biomüxtəlifliyinin ilkin monitorinqlərinin, müəyyən laborator analizlərinin aparıldığını, işğaldan azad edilmiş ərazilərin reptililər faunası, zəhərli ilanlardan təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərlə bağlı məlumat, təklif və tövsiyələrin arayışlar şəklində hazırlanaraq AR Nazirlər Kabinetinə və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edildiyini, o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsinə təkliflərin, eləcə də  Oxçuçay və Bəsitçayda aparılacaq tədqiqatların əhatəli iş planının hazırlandığını vurğulayıb.

Vitse-prezident COVID-19 ilə bağlı fəaliyyətlərdən danışaraq AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən yeni texnologiya əsasında protein əsaslı bir neçə vaksin və spreyin hazırlandığını və ÜST-ün siyahısına daxil edildiyini qeyd edib.

Akademik İradə Hüseynova ölkədə şirin su ilə bağlı cənab Prezident tərəfindən qoyulmuş məsələlərə diqqət çəkərək bildirib ki, müvafiq tədqiqatların əsas istiqamətləri sırasına Kür çayının aşağı axarının problemləri, kollektorlardan şirin suyun Xəzərə axıdılması, işğaldan azad edilmiş və digər ərazilərdə su ehtiyatlarının idarə olunması, tikiləcək su anbarlarının təhlükəsizliyi və istifadəsi, respublika üzrə suvarma sularından səmərəli istifadə və s. daxil olmuşdur.

Vitse-prezident, həmçinin Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinə hazırlıq, Xəzərin problemləri çərçivəsində görülən işlərə də toxunub.

Akademik İradə Hüseynova Bölmənin institutlarında alınmış mühüm tədqiqat nəticələrindən bəziləri ilə iştirakçıları tanış edib, onların yüksək impakt faktorlu jurnallarda dərc edildiyini diqqətə çatdırıb.

Bundan əlavə, kadr hazırlığı, elm və təhsilin qarşılıqlı inteqrasiyası, beynəlxalq əlaqələr, bölmədə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, işıq üzü görən jurnallar, mətbuatda çıxışlar, keçirilən mühüm tədbirlər, elektron elmin inkişafı üzrə fəaliyyət, yubileylər, təltif və mükafatlar haqqında məlumatı diqqətə çatdırıb.

Bölmənin nəşriyyat fəaliyyətinə də toxunan akademik İradə Hüseynova hesabat dövründə BTEB-in institutları tərəfindən 31 kitab və monoqrafiyanın (5-i xaricdə), 18 dərslik və elmi-kütləvi nəşrin, 558 məqalənin (373-ü xaricdə) nəşr olunduğunu, “Web of Science”, “Clarivate Analytics” və “Scopus”  bazasında indeksləşən jurnallarda 120 məqalənin işıq üzü gördüyünü, əməkdaşların əsərlərinə 2962 istinadın qeydə alındığını bildirib.

Məruzəçi genom, proteom və metabolom tədqiqatlarının aparılması, bio-, nano-, postgenom və rəqəmsal texnologiyaların, maşınöyrənmə üsullarının, süni intellektin tətbiqi, bioloji, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təmin olunması ilə ərzaq təhlükəsizliyi, insan sağlamlığı və biotəhlükəsizlik problemlərinin həllinin biologiya və tibb elmləri üzrə yeni prioritet istiqamətlər olduğunu vurğulayıb.

Alim Prezident İlham Əliyevin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki çıxışından BTEB-in institutlarının üzərinə böyük vəzifələrin düşdüyünü deyib: “Ərzaqlıq buğda ilə özümüzü ən azı 70-75 faiz təmin etməliyik. Bunun üçün isə ilk növbədə torpaqlardan istifadənin səmərəliliyi artırılmalı, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalı, yüksək məhsuldar, keyfiyyətli, stres amillərin təsirinə davamlı sortlar yaradılmalıdır. Həmçinin yeni bio- və nanotexnologiyaların tətbiqi üzrə tədqiqatlar gücləndirilməlidir”.

Məruzədən sonra hesabat ətrafında çıxışlar dinlənilib, AMEA-nın Ümumi yığıncağının qərarı ilə bölmənin elmi müəssisə və təşkilatlarına yeni dövr üçün müvafiq tapşırıqlar verilib.

science.gov.az