sa sa 748
AMEA ilə Alman Akademik Mübadilə Xidməti arasında əməkdaşlıq imkanları müzakirə olunub + Foto May 06, 2022 | 09:00 / Görüşlər

Mayın 5-də AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə təhsil və təqaüd proqramları koordinatoru Sevər Qarayeva ilə görüşüb.

Görüşdə, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva da iştirak ediblər.

Akademik İbrahim Quliyev AMEA-nın elmi müəssisələri tərəfindən Almaniyanın müxtəlif təşkilatları ilə geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb və bu əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Almaniya ilə elmi əlaqələrin neft-kimya prosesləri, rəqəmsal texnologiyalar, süni intellekt, maşınöyrənmə üsulları, biotibb, ərzaq təhlükəsizliyi və s. kimi prioritet sahələrdə inkişaf etdirilməsinin önəminə toxunub və belə görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətini bildirib.  

Gebhard Reul isə öz növbəsində DAAD-ın Bakı Məlumat Ofisinin regional mərkəz kimi birləşdirildiyini və belə regional mərkəzlərin digər ölkələrdə də fəaliyyətə başladığını söyləyib. O, Almaniya və Azərbaycan arasında elm və təhsil əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını və DAAD təqaüd proqramlarının azərbaycanlı tələbə, alim və mütəxəssislərin mübadiləsini dəstəkləmək üçün davam etdirildiyini deyib. Gebhard Reul qeyd edib ki, tədqiqatçılar üçün Almaniyada tədqiqat üçün qısa və uzunmüddətli fərdi təqaüd proqramları, həmçinin alman professorlarının Azərbaycanda tədrisi üçün dəstək proqramları mövcuddur və proqramlara ərizə qəbulu noyabr ayında başlanacaq.

Sonra çıxış edən fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov DAAD-la kosmik tədqiqatlar istiqamətində əməkdaşlıq təcrübəsi haqqında məlumat verib, bu istiqamətdə əməkdaşlıq sənədinin imzalandığını bildirib və Almaniya-Azərbaycan elmi əlaqələrinin genişləndirilməsi üçün təkliflərini diqqətə çatdırıb.

Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Esmira Əlirzayeva isə AMEA tərəfindən Avropanın müxtəlif elm və təhsil müəssisələri ilə həyata keçirilən müştərək tədqiqatlar haqqında məlumat verib. O, həmçinin ikili doktorantura proqramı üzrə uğurlu təcrübənin olduğunu, AMEA-da magistratura proqramının həyata keçirildiyini və məzunların dünyanın qabaqcıl təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil aldığını qeyd edib, alman professorların tədrisə cəlb edilməsi üçün DAAD proqramlarından istifadəni təklif edib.

Görüş zamanı tədqiqatçılara proqramlar və onlara müraciət qaydaları haqqında ətraflı məlumatın verilməsi üçün onlayn məlumat gününün keçirilməsi üzrə razılıq əldə edilib.  

Bundan əlavə, Gebhard Reul AMEA rəhbərliyini iyun ayında Tbilisi Regional Ofisinin açılış mərasiminə dəvət edib.

science.gov.az