sa sa 893
“II Xarıbülbül” rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib + Foto May 12, 2022 | 11:09 / Tədbirlər

Mayın 11-də Dendrologiya İnstitutunda Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “II Xarıbülbül” rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib.

Müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, Qarabağın çoxəsrlik mədəni-tarixi irsini daha dərindən mənimsəmək, Vətən müharibəsində Azərbaycan ordusunun nümayiş etdirdiyi şücaəti gənc rəssamların gözü ilə cəmiyyətə çatdırmaq olub. Tədbirdə könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak ediblər. Seçim zamanı əl işlərinə kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi və ideyası əsas götürülüb.

Öncə müsabiqəyə təqdim olunmuş rəsm əsərlərinə baxış keçirib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov çıxış edib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən bəhs edib, bu kimi tədbirlərin keçirilməsinin gənclərin asudə vaxtlarında intellektual səviyyələrini inkişaf etdirmələrində mühüm rol oynadığını bildirib. Akademik Arif Həşimov məktəbəqədər yaşlı uşaqlara, orta məktəb şagirdlərinə və gənclərə vətənə məhəbbət hisslərini aşılamaqda, onların dünyagörüşlərinin formalaşmasında maarifləndirici xarakterli belə tədbirlərin təşkilini dəstəklədiyini vurğulayıb.

AMEA rəhbəri sərgi iştirakçılarının əsərlərinin onların Azərbaycanın həqiqətlərinə dərindən bələd olduqlarını göstərdiyini söyləyib. O, bu baxımdan Azərbaycan dövləti və xalqının gələcəyinin etibarlı əllərdə olduğunu vurğulayıb. Gənclərimizlə fəxr etdiyini deyən akademik Arif Həşimov onların valideynləri və müəllimlərinə minnətdarlığını bildirib, yaradıcı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov tədbir iştirakçılarını qurumun rəhbərliyi adından salamlayıb. Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd edildiyini xatırladan natiq ən böyük rəsm əsərinin – müstəqil Azərbaycanın müəllifinin məhz Ulu Öndər olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, böyük dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi dövrdə elə bir Azərbaycan tablosu yaradıb ki, məhz onun strategiyasını uğurla davam etdirməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuz tarixi torpaqlarımızı azad etməyə nail olmuşdur. Bu gün biz torpaqlarımızın yadelli əsarətindən azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızı dərin hörmət və minnətdarlıqla yad edir, onların ölməz və əbədi ruhu qarşısında baş əyirik.

“Bu gün sərgidə iştirak etməklə bir daha necə böyük bir istedada malik xalqın nümayəndələri olduğumuza əmin olduq. Qədim, zəngin və çoxəsrlik tariximizi mənimsəyərək yaşadan gənc istedadları xalqımıza layiqli vətəndaşlar kimi formalaşdıran müəllimlərə dərin minnətdarlığımızı bildiririk”, – deyə Elmin İmanov əlavə edib.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova gənclərin intellektual səviyyələrini inkişaf etdirmək üçün bu kimi müsabiqələrin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, sərgidə insanlarımıza və təbiətimizə qarşı erməni cəlladlarının həyata keçirdikləri cinayətləri, hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa döyüşlərini, şəhid və qazilərimizə aid rəsm əsərlərini diqqətlə izlədiyini söyləyib. Vitse-prezident “II Xarıbülbül” mövzusunda müsabiqə formatında uşaq və gənclərin inkişafının təşviqi, ekoloji mədəniyyətin formalaşdırılmasında yaradıcılığa cəlb edilməsi, onlarda vətənə, elmə, təbiətə maraq yaratmaqla, belə tədbirlərin təşkilinin sevindirici hal olduğunu vurğulayıb.

Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Vətən müharibəsinin hər gününü Azərbaycan tarixinə şərəfli bir gün kimi yazaraq igid oğullarımız dayanmadan irəliyə getdi. Qarış-qarış azad edilmiş doğma torpaqlarımızda müqəddəs üçrəngli Azərbaycan bayrağı dalğalandı. 28 illik həsrətdən sonra azadlığına qovuşan Şuşanı xilaskar İlham Əliyev belə dəyərləndirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir!”

“Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən söyləmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!” Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun bariz nümunəsi idi. Azərbaycan xalqı otuz ilə yaxın müddət ərzində işğal altında olan Şuşanın həsrəti ilə yaşadı, lakin bu ədalətsizliklə barışmadı. İnanırıq ki, 2022-ci ilin “Şuşa ili” elan edilməsi 270 illiyi qeyd olunacaq doğma Şuşa şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasına, onun əvvəlki əsrarəngiz gözəlliyinin və möhtəşəmliyinin geri qaytarılmasına, yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsinə töhfələr verəcək”, – deyə İradə Hüseynova diqqətə çatdırıb.

Cari ilin sentyabr ayında Şuşa şəhərində AMEA-nın təşkilatçılığı ilə “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda konfransın keçiriləcəyini diqqətə çatdıran vitse-prezident sözügedən tədbirdə də bu kimi sərgilərin təşkilinin məqsədəuyğun olduğunu söyləyib.

Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov institutun təşkilatçılığı ilə silsilə olaraq təşkil edilən əyləncəli, metodik layihələrdən bəhs edib. O, Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə bu kimi tədbirlərin təşkilinin davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, “II Xarıbülbül” müsabiqəsinə ideyası, rəng seçimi və kompozisiyaların motivi əsas götürülməklə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından, AMEA-nın müxtəlif institutlarından, Lənkəran-Astara, Gəncə, Qazax və digər bölgələrin orta ümumtəhsil mərkəzlərindən qatılan gənc və yeniyetmələrin 400-dək rəsm və əl işləri təqdim olunub.

Məktəblilərin hazırladıqları şeir və rəqs nömrələrindən ibarət kompozisiyalar təqdim olunduqdan sonra müsabiqənin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb. İlk üç yerin qalibinə diplom və pul mükafatları təqdim olunub.

science.gov.az