sa sa 155
AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla vida mərasimi keçirilib + Foto May 20, 2022 | 16:00 / Mühüm hadisələr

Mayın 20-də botanika sahəsində tanınmış alim, “Şöhrət” ordenli, Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla vida mərasimi keçirilib.

Dendrologiya İnstitutunda baş tutan tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi ictimaiyyətin nümayəndələri, ailə üzvləri və dostları iştirak ediblər.

Mərasimdə çıxış edən akademik Arif Həşimov mərhum alimin elmi-təşkilati fəaliyyətinin bir sıra məqamlarına toxunub. Bildirib ki, botanika sahəsində tanınmış alim Azərbaycanın bir çox bölgələrində ekspedisiyalarda olub, önəmli tədqiqatlar aparıb və ölkəmizin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması işinə qiymətli tövsiyələr verib. Qeyd edib ki, daim məhsuldar elmi fəaliyyəti ilə seçilən Tofiq Məmmədov həm də bacarıqlı elm təşkilatçısı, gözəl insan və ailə başçısı idi.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun elmi və elmi-təşkilati fəaliyyətinə dair geniş məruzə ilə çıxış edib. Vurğulayıb ki, T.Məmmədov 2000-ci ildə “Botanika” ixtisası üzrə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2014-cü ildə professor elmi adını alıb. Onun sözlərinə görə, 2014-cü ildə alimin təşəbbüsü ilə Mərdəkan Dendrarisinin bazasında AMEA-nın Dendrologiya İnstitutu təşkil olunub və T.Məmmədov vəfatına qədər həmin müəssisənin direktoru vəzifəsində çalışıb, eləcə də müxtəlif illərdə bir sıra universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olub.

Diqqətə çatdırıb ki, mərhum alim yerli və xarici mətbuatda dərc edilən 250-yə yaxın əsərin, 11 patent, 30 kitab, AR Səhiyyə Nazirliyinin 2 gigiyenik sertifikatının müəllifi idi və onun hazırladığı “Azərbaycan dendroflorası” (2011-2019) beşcildliyi Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2022-ci il üçün elan etdiyi müsabiqəyə təqdim olunub. Məruzəçi vurğulayıb ki, T.Məmmədov işğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin “Böyük Qayıdış”ında, həmçinin “Qırmızı kitab”ın III nəşrinin hazırlanmasında da yaxından iştirak edib.

Bildirib ki, T.Məmmədov 2005-ci ilin ekologiya sahəsində “İlin adamı” adı, 2 dəfə AMEA-nın Fəxri fərmanı, 2015-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni və digər mükafatlarla təltif olunub.

Mərasimdə, o cümlədən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov çıxış edərək AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun elmi-təşkilati fəaliyyətinə toxunub, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda mərhum alimin ailəsi adından Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin prorektoru Fəxrəddin Məmmədov çıxış edərək tədbirin təşkilinə görə aidiyyəti qurumların rəhbərliyinə minnətdarlığını bildirib.

science.gov.az