sa sa 776
AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb + Foto May 31, 2022 | 09:00 / Mühüm hadisələr

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti, professor Hasan Mandalla görüş keçirilib.

Görüşdə Azərbaycan tərəfdən – AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, Türkiyə tərəfdən – TÜBİTAK-ın vitse-prezidenti, professor Əhməd Yozgatlıgil, TÜBİTAK-ın Müdafiə Sənayəsi Tədqiqat və İnkişaf İnstitutunun (SAGE) direktoru Gürcan Okumuş, TÜBİTAK İnformatika və İnformasiya Təhlükəsizliyi Araşdırma Mərkəzinin (BİLGEM) vitse-prezidenti Sadullah Uzun və TÜBİTAK-ın Kosmos Texnologiyaları Araşdırma İnstitutunun (UZAY) direktoru, dosent Mesud Gökten iştirak ediblər.

Görüşün əsas məqsədi AMEA və TÜBİTAK arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün 4-cü qrant layihəsinin təşkili istiqamətində müzakirələrin aparılması olub.

Əvvəlcə akademik Arif Həşimov AMEA-nın TÜBİTAK-la elmi-texnoloji sahədə əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən bəhs edib, birgə həyata keçiriləcək 4-cü layihə müsabiqəsinin proqramının hazırlanmasının vacibliyindən danışıb. O, AMEA ilə TÜBİTAK arasında 2013-cü ildən başlayan əməkdaşlıq əlaqələri çərçivəsində 3 birgə müsabiqənin elan olunduğunu, ildən-ilə TÜBİTAK-ın müsabiqələrinə təqdim edilən layihələrin sayının artdığını bildirib. Akademik Arif Həşimov növbəti layihə müsabiqəsi çərçivəsində hər iki ölkə üçün prioritet sahələri əhatə edəcək elmi istiqamətlərin nəzərə alınmasının önəmini vurğulayıb.

Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək 4-cü layihə müsabiqəsinin icrası ilə bağlı təqdimat xarakterli görüşün keçirilməsinin əhəmiyyətini qeyd edib, mövcud problemlərin həlli istiqamətində müzakirələrin aparılmasını təklif edib. Vitse-prezident AMEA-nın AzScienceNet elm-kompüter şəbəkəsinin GEANT Assosiasiyası və NATO ilə yanaşı, TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM (Ulusal Akademik Ağ ve Bilgi Merkezi - Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) ilə də əməkdaşlıq əlaqələrinin mövcud olduğunu xatırladıb.

Görüşdə türkiyəli alimlərlə birgə Avropa İttifaqının “Horizon Avropa” proqramları çərçivəsində çağırışlar və layihələrə müraciət etmə imkanları müzakirə edilib, Həmçinin yeni birgə layihə müsabiqəsinin həyata keçirilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Professor Hasan Mandal TÜBİTAK-ın ekspertlər bazasının (PYS) artıq AMEA-nın istifadəsi üçün açıldığını qeyd edib. O, AMEA ilə elm, sənaye və texnologiya layihələrinin, o cümlədən sosial elmlərin texnologiyalarla birləşməsi istiqamətində tədqiqatları nəzərdə tutan layihələrin icrası üzrə əməkdaşlığa və ortaq proqramların həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.

science.gov.az