sa sa 155
Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclası keçirilib İyn 06, 2022 | 16:30 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Elmi şuranın sədri əvvəlcə 6 iyun 2022-ci il tarixində Gəncə şəhərində işə başlamış “AQRO: Beynəlxalq Kənd Təsərrüfatı Konqresi” və açılış mərasimi 8 iyun 2022-ci il tarixində Şuşa şəhərində, plenar və seksiya iclasları ilə 13-14 iyunda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaq beynəlxalq “3-cü Qarabağ Tətbiqi Elmlər Konqresi” barədə məlumat verib, bu cür tədbirlərin əhəmiyyəti haqqında danışıb.

Sonra akademik İradə Hüseynova 20 may 2022-ci il tarixində Tərtər rayonunun Şıxarx qəsəbəsində “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” mövzusunda keçirilmiş tarla seminarı haqqında danışmaq üçün sözü Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərova verib.  

Məruzəçi seminarla, Qarabağ Elmi Tədqiqat Bazasında aparılan tədqiqat və təcrübə işləri ilə, perspektivlər və bazada mövcud olan problemlərlə bağlı şura üzvlərini məlumatlandırıb.

Akademik İradə Hüseynova və Elmi şuranın üzvləri aqrar sahənin inkişafı üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında elmin rolu ilə bağlı aqrar sahə institutları ilə birgə geniş tərkibdə müşavirə keçirilməsinə ehtiyac olduğunu bildiriblər.

Sonra Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələrinin baş direktorları institutlarda keçirilmiş attestasiyaların nəticələri haqqında məlumat veriblər.

Daha sonra akademik İradə Hüseynova işğaldan azad edilmiş ərazilərdə aparılan tədqiqatların intensivləşdirilməsinin vacibliyi haqqında danışıb və bununla bağlı lazımi tövsiyə və tapşırıqlarını verib.

İclasın sonunda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

science.gov.az