sa sa 143
Avropa Şurasının Biotibb və Sağlamlıq Sahəsində İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin ilk iclası keçirilib + Foto İyn 08, 2022 | 15:00 / Konfranslar, iclaslar

Fransanın Strasburq şəhərində Avropa Şurasının Biotibb və Sağlamlıq Sahəsində İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin (CDBIO) 1-ci iclası keçirilib.

Azərbaycanı həmin tədbirə rəsmi dəvət almış AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini, b.ü.f.d. İsmayil Zülfüqarov təmsil edib.

İclas Biotibb və Sağlamlıq Sahəsində İnsan Hüquqları üzrə Rəhbər Komitənin ilk iclası olduğu üçün Avropa Şurasının Nazirlər Komitəsinin CDBIO qarşısında qoyduğu vəzifələr və yeni funksiyalar toplantının müzakirə mövzuları olub.

İclasda aztapılan səhiyyə resurslarına ədalətli çıxış, genom redaktə texnologiyaları, uşaqların sağlamlığına aid məsələlərlə bağlı qərarların qəbulunda onların iştirakı, sağlamlıq savadlılığı, süni intellekt və genomik tibb üzrə ictimai dialoqun təşviqi kimi məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Aztapılan səhiyyə resurslarına ədalətli çıxış barədə çox geniş və hərtərəfli müzakirələr nəticəsində hələ də son qərar qəbul olunmayıb və bu məsələnin milli komitələrdə müzakirə olunması tövsiyə olunub. Süni intellekt sahəsində CDBIO-nun və milli komitələrin qarşısında duran məsələlər geniş müzakirələrə səbəb olub. Süni intellekt sahəsində müzakirələrin digər elm sahələrinin və peşəkarların iştirakı ilə davam etdirilməsi tövsiyə edilib. Genomik tibb üzrə ictimai dialoqun təşviqi ilə bağlı seminarın keçirilməsi və həmin tədbirə gənc nəslin nümayəndələrinin dəvət edilməsi nəzərdə tutulur.

Eyni zamanda iclasda 9 noyabr 2021-ci il tarixində keçirilmiş dəyirmi masaya məruzəçilərin hesabatı, interseks uşaqlara erkən müdaxilə, Nazirlər Komitəsinin qərarına əsasən, psixi sağlamlığa dair könüllü tədbirlərin təşviqi üçün tövsiyə layihəsinin hazırlanması, əməkdaşlıq fəaliyyətləri, planlaşdırılan prioritet tədbirlər üçün yenilənmiş metodologiya və vaxt çərçivəsi, eləcə də digər məsələlər müzakirə edilib.

Əlavə məlumatları Avropa Şurasının Bioetika Komitəsinin (DH-BIO) veb səhifəsindən əldə etmək olar.

science.gov.az