sa sa 784
Akademik İradə Hüseynova Qarabağ Elmi-Tədqiqat Bazasına səfər edib + Foto İyn 28, 2022 | 15:00 / Ezamiyyətlər

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Genetik Ehtiyatlar İnstitutunun Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasına (QETB) səfər edib.

Səfərdə, həmçinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin məsul əməkdaşları iştirak ediblər.

Səfər gedişində akademik İradə Hüseynova son dövrlərdə QTEB-in infrastrukturunun bərpası və aqrar tədqiqatların aparılması üzrə planlar və görülmüş ilkin işlərlə, buğdanın bölgə üçün yaradılmış Maya, Alyans, Cənub, Almaz, Leyla, Start, Xəmsə, Qayıdış və s., arpanın Uğur və Cəmil sortlarının, taxıl bitkilərinin digər perspektiv sort, forma və hibridlərinin, tərəvəz bitkilərinin sınaq və artırma əkin sahələri ilə tanış olub.

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov QTEB-in bərpası ilə bağlı Genetik Ehtiyatlar İnstitutu tərəfindən görülən işlər barədə danışıb, mövcud problemlərə və planlara diqqət çəkib.

QTEB-in direktoru Həmid Mehdiyev və bazanın əməkdaşları qonaqlara bazanın son dövrlərdəki fəaliyyəti, perspektiv sortların 30 hektar ərazidə aparılmış toxumçuluq manqası, toxum pitomniki, artırma, super elit və elit pitomnikləri əkinləri məlumat veriblər. Qeyd edilib ki, gələcəkdə meyvə bitkilərinin müxtəlif sortlarından ibarət genofond bağının salınması məqsədilə QETB-in ərazisində tinglik sahəsi yaradılmış, burada calaqaltı üçün 800 ədəd cır ərik əkilmiş, müxtəlif meyvə bitkilərinin toxumları səpilərək normal çıxış alınmış, 50 ədəd müxtəlif nar sortunun qələmləri, 40 ədəd şam, tarla düşərgəsinin ətrafına isə yaşıllıq məqsədilə çinar, zeytun, qoz və digər ağaçlar əkilmişdir. Bazada kartofun genofondunun yaradılması və müqayisəli tədqiqi məqsədilə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 60 yerli və introduksiya olunmuş sort və sort-forma əkilərək normal çıxış alınmış və hazırda bitkilərə aqrotexniki becərilmə işləri aparılır. Tərəvəz və bostan bitkilərinin genbankdan götürülmüş yerli və introduksiya olunmuş 80 pomidor, 10 badımcan və 3 bibər sortu və sort formasının nümunələri əkilərək aqrotexniki qaydada becərilmə işləri davam etdirilir. QETB-in əməkdaşları yetişdirilmiş məhsulun itkisiz yığılması, kolleksiya nümunələrinin struktur analizlərinin və dəqiq hesabatının aparılması, toxumluq əkinlərin abrobasiyasının təşkili, yeni sortların dərzlərinin götürülməsi, toxumların müvafiq kondisiyayadək hazırlanması kimi qarşıda duran vəzifələrdən də danışıblar.

Akademik İradə Hüseynova QETB-də həyata keçirilən və planlaşdırılan fəaliyyətlərin qısa zamanda regionun davamlı inkişafına verəcəyi töhfələri nəzərə alaraq bazanın infrastrukturunun bərpasının AMEA rəhbərliyinin diqqətində olduğunu deyib, bazaya göstərilən və planlaşdırılan köməkliklər haqqında məlumat verib. O, torpaq sahəsinə mövcud dövlət aktına əsasən reyestrdən çıxarışın alınmasının vacibliyini vurğulayıb, eləcə də bazanın elektrik enerjisi və kənd təsərrüfatı texnikaları ilə təmin olunması istiqamətində addımların atılacağını bildirib. Akademiik İradə Hüseynova görülən işlərə görə əməkdaşlara təşəkkür bildirib, onlara tövsiyə və tapşırıqlarını verib.

Sonra akademik İradə Hüseynova Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla İcra Hakimiyyətinin binasında görüşüb. İşgüzar şəraitdə keçən görüşdə, həmçinin AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, QETB-in direktoru və b. iştirak ediblər.

İcra başçısı rayonun sosial-iqtisadi inkişafı, işğaldan azad edilmiş ərazilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bərpası, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, İcra Hakimiyyətinin QETB-ə mümkün köməklikləri göstərməyə hazır olduğunu söyləyib.

Elmə və elm adamlarına yüksək dəyər verdiyinə görə icra başçısına təşəkkürünü bildirən akademik İradə Hüseynova QETB-in bərpası ilə bağlı AMEA-nın planları, görülmüş işlər, mövcud və təcili həllini gözləyən problemlər, perspektivlər barədə danışıb, problemlərin həlli üçün rayon təşkilatları ilə əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Görüşdə, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

science.gov.az