sa sa 748
“Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb + Foto İyl 02, 2022 | 15:04 / Konfranslar, iclaslar

İyulun 1-də Dendrologiya İnstitutunun ev sahibliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Təhsil və Elmi araşdırmalar Cəmiyyətinin (İSRES) təşkilatçılığı ilə “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda IV beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

4 gün davam edəcək konfransın keçirilməsində məqsəd biologiya, tibb, kənd təsərrüfatı, baytarlıq, əczaçılıq və s. bu kimi sahələri əhatə edən təhsil və sosial elmlərdə mühəndislik, texnologiya və elmi tədqiqat mövzusunda müxtəlif ölkələrdən olan alim, tələbə və tədqiqatçıları bir araya gətirməklə tibb, sağlamlıq və həyat elmlərinin bütün sahələrində nəzəri və praktiki məsələləri birgə müzakirə etməkdir.

27 ölkədən nümayəndənin iştirak etdiyi beynəlxalq konfransın açılışında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, türk dünyasının bütün şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Konfransı giriş sözü ilə açan Türkiyənin Qaziantep Universitetinin professoru, Dr. Mehmet Özaslan Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin qədim tarixə malik olduğunu, əsrlər boyu iki ölkənin xalqlarının həmişə bir-birinə dəstək olduğunu deyib: “Təsadüfi deyildir ki, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə özlərinin sevinci hesab etmişdir. Türk dünyasının iki lideri Ulu Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürk öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar. Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır”.

Mehmet Özaslan konfransın mərhum alim Tofiq Məmmədovun 2021-ci ilin noyabr ayında verdiyi təklif əsasında Azərbaycanda keçirildiyini deyib və Azərbaycan elmi üçün ağır itkiyə görə başsağlığı verib. Bildirib ki, konfransda 27 ölkədən 91 beynəlxalq nümayəndə iştirak edir və bölmə iclaslarında 117 alimin məqalə və tezisi  müzakirə olunacaq.

Mehmet Özaslan çıxışının sonunda konfransın Təşkilat Komitəsi adından Azərbaycan Milli Elmlər Akademiyasına, ev sahibliyi edən Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d., dosent Samirə Bağırova başda olmaqla, institutun bütün əməkdaşlarına, müxtəlif ölkələri təmsil edən konfrans iştirakçılarına, İSRES-in təşkilat heyətinə və Adana Təşkilat Komitəsinə öz minnətdarlığını bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova AMEA rəhbərliyi adından konfrans iştirakçılarını salamlayıb, tədbirin işinə uğurlar arzulayıb. Qeyd edib ki, elm Yer üzündə canlı həyatın davamına, yaşam keyfiyyətinin yüksəldilməsinə, insan cəmiyyətinin tərəqqisinə, rifahının yaxşılaşdırılmasına, beynəlxalq sülh və əməkdaşlığın təmin olunmasına xidmət etməlidir və bu baxımdan konfransın istiqamətləri hazırkı dövr üçün olduqca aktualdır.

Akademik İradə Hüseynova son illərdə ölkəmizdə həm tibb elmi və səhiyyə sistemi, həm də digər həyat elmlərinin xeyli inkişaf etdiyini, mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb: “Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin tibbə və biotibbə aid elmi istiqamətləri dövrün çağırışlarını və dünyada gedən tendensiyaları əhatə etməklə müəyyənləşdirilib. Bu gün qlobal problemləri həll etmək üçün elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük ehtiyac var. Bunsuz ortaq düzgün strategiya qəbul etmək mümkün deyil. Bu baxımdan konfransın uğurlu olacağına və əhatə etdiyi elm sahələrinə töhfələr verəcəyinə inanıram”.

Tədbirdə Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d. dosent Samirə Bağırova Türkiyə-Azərbaycan qardaşlığının, din, dil, mədəniyyət birliyinin qədim tarixi köklərə malik olduğunu deyib. Türkiyə-Azərbaycan əlaqələrinin elmi istiqamətlərdə də inkişafının vacib amil olduğunu söyləyib. Qeyd edib ki, beynəlxalq konfransın təşkil olunmasının əsas məqsədlərindən biri də biologiya, tibb, kənd təsərrüfatı və s. kimi sahələrdə olan yeni elmi nailiyyətlərin, metodların və innovativ fikirlərin  mübadiləsi, nəzəri və praktiki təcrübələrin bölüşdürülməsidir: “Məqsəd tibb və həyat elmləri ilə bağlı qabaqcıl ideyaları təqdim etmək və alimləri bir araya gətirməklə aparılan tədqiqatları beynəlxalq miqyasa çıxarmaq, diqqəti tibb, sağlamlıq və həyat elmləri sahəsində əldə edilən nailiyyətlərə, gələcək tendensiyalara və ehtiyaclara yönəltməkdir”. 

Qeyd edək ki, konfransa təqdim olunmuç ingilis dilindəki məqalələr “Eurasia Proceedings of Science, Technology, Engineering & Mathematics” (EPSTEM) jurnalında (www.epstem.net) dərc olunacaq.

Qeyd edək ki, Necmettin Erbakan Universiteti və Qaziantep Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən Beynəlxalq Təhsil və Elmi araşdırmalar Cəmiyyəti tərəfindən daha öncə Lissabon (Portuqaliya), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) beynəlxalq konfranslar keçirilib.

science.gov.az