sa sa 758
AMEA-nın Rəyasət Heyəti adından Qurban bayramı münasibətilə Akademiya əməkdaşlarının təbriki İyl 09, 2022 | 08:35 / Mühüm hadisələr

Hörmətli həmkarlar!

Sizi İslam dünyasının müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, xeyirxahlığı, imkansıza daim əl tutmağı aşılayan bu əziz bayramda uca Allahdan kəsilən qurbanların, nəzir və niyazlarınızın qəbul olunmasını diləyirik.

Qurban bayramı Həzrəti İbrahim peyğəmbərin və onun əziz oğlu İsmayılın mirası olaraq əsrlər boyu xalqımız tərəfindən bütün dövrlərdə nəsildən-nəslə ötürülərək yaşadılmış, ehtiva etdiyi ənənələri və dəyərləri ilə xalqımızın dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Məhz bu adət-ənənələrdən irəli gələrək tarixən və bu gün müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinə ölkəmizdə tolerant yanaşılır və onlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. 

Azərbaycanda İslam dininin adət-ənənələrinə və müqəddəs bayramlarına olan münasibət ölkə rəhbərliyi səviyyəsində daim açıq şəkildə ifadə edilmiş, Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim İslam dininin mədəniyyətinə yüksək qayğı göstərilmiş, tarixi bir çox dini abidə kompleksləri bərpa edilmiş, eləcə də yeniləri inşa olunmuşdur. Hazırda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağa “Böyüş Qayıdış” prosesi çərçivəsində bölgədəki tarixi məscidlər bərpa olunur və öz əvvəlki görkəminə qaytarılaraq xalqımızın istifadəsinə verilməsi planlaşdırılır.

Həmçinin Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq modellərini bir çox dövlətlər bu gün nümunə olaraq görür, öyrənir və öz cəmiyyətlərində tətbiq etməyə çalışırlar. Eyni zamanda son illərdə Azərbaycanın təşəbbüsü ilə “Bakı Prosesi” başladılmış, Bakı Beynəlxalq Humanitar Forumları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, IV İslam Həmrəyliyi Oyunları keçirilmiş, 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmişdir ki, bununla da ölkəmiz dünya multikulturalizminə və İslam həmrəyliyinə öz güclü töhfəsini vermişdir.

Hörmətli həmkarlar,

Sizi Qurban bayramı münasibətilə bir daha təbrik edir, kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləyir, cansağlığı və elmi fəaliyyətinizdə uğurlar arzulayırıq.

AMEA-nın Rəyasət Heyəti

science.gov.az