Bu gün Azərbaycan Cənubi Qafqazın ən aparıcı dövləti, eyni zamanda, dünyada bir çox sahələrdə öz sözünü yüksək kürsülərdə demək iqtidarında olan dövlətdir. Azərbaycanda bütün sahələrdə ciddi islahatlar həyata keçirilir.
Bu fikirləri akademik İradə Hüseynova səsləndirib.
Akademik vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı da bu islahatların göstəricisidir.
“Tarix göstərir ki, Prezident İlham Əliyevin qəbul etdiyi bütün qərarlar yekunda böyük uğurla, müvəffəqiyyətlə nəticələnir. 44 günlük Vətən müharibəsində Azərbaycanının əldə etdiyi Qələbə də buna sübutdur. Düşünürəm ki, imzalanan Fərman Azərbaycanda elm və təhsilin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaqdır. Elm sahəsində islahatların aparılması gələcəkdə öz uğurlu nəticələrini göstərəcək. Azərbaycan Milli Elmlər Akademiyası çox şərəfli bir yol keçib. Onun tarixində dünya elminə töhfə verən alimlər olub. Son dövrlər akademiyada olan tənəzzülü biz də görürdük, hiss edirdik. Fərman istedadlı gənclərin elmə cəlb olunmasına töhfə verəcək. Gənclər yeni fikirlər, yeni tədqiqatlar deməkdir. Bu da bizim elmimizin dünya elminə inteqrasiyasına kömək edəcək”, - deyə akademik İradə Hüseynova bildirib.