Pakistanın Lahor şəhərində yerləşən Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin direktoru professor Kausar Maliki AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu (MBBİ) ziyarət edib. Görüş çərçivəsində MBBİ-nin baş direktoru akademik İradə Hüseynova ilə MBMM-nin direktoru professor Kausar Maliki bu təşkilatlar arasında akademik əməkdaşlıq proqramının yaradılması haqqında razılıq memorandumu imzalanıb. Memorandum tədqiqat və təhsil proqramları üzrə informasiyaların mübadiləsini, qarşılıqlı maraq kəsb edən elmi sahələr üzrə ixtisas artırma proqramlarının təşkilini, birgə elmi-tədqiqat layihələrinin və tədris proqramlarının həyata keçirilməsini, konfrans, seminar və master-siniflərin təşkilini və s. nəzərdə tutur. İmzalanan memorandum yeni elmi istiqamətlər üzrə və təhsil sahəsində institutun gənc kadrlarının hazırlanması üçün əhəmiyyət kəsb edir.