sa sa 793
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ixtisas üzrə doktoranturaya qəbul imtahanları keçirilib + Foto Sen 12, 2022 | 18:00 / İmtahanlar

12 sentyabr 2022-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2022-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə “Molekulyar Biologiya” və “Biotexnologiya” ixtisaslarından doktoranturaya qəbul imtahanları keçirilib. Fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanlarının keçirilməsi üçün institutda təşkil olunan müvafiq komissiyaların sədri institutun direktoru, akademik İradə Hüseynova, “Molekulyar Biologiya” ixtisası üzrə komissiyanın üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, biologiya üzrə fəlsəfə doktorları, Ələmdər Məmmədov, Zərifə Süleymanova və institutun Təhsil şöbəsinin müdiri Samirə Rüstəmova, “Biotexnologiya” ixtisası üzrə komissiyanın üzvləri biologiya elmləri doktoru Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları Sədaqət Əsədova, Mahirə Məmmədova və İsmayıl Zülfüqarovdur.  İmtahan komissiyaları “Molekulyar Biologiya” ixtisası üzrə iddiaçı Səyalı Mustafayevanın imtahan nəticəsini 68 balla “yaxşı”, “Biotexnologiya” ixtisası üzrə iddiaçı Aygün Süleymanovanın imtahan nəticəsini isə 94 balla “əla” qiymətləndirib. Aygün Süleymanova eyni zamanda AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında müştərək doktorantura proqramı üzrə 2022-ci il üçün keçirilən müsabiqənin qalibidir və o, Fransanın Monpelye Universitetində “Molekulyar biotexnologiya” ixtisası üzrə doktoranturada təhsil alacaqdır.