sa sa 186
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda GAMŞ Biologiya və Tibb Elmləri bölməsinin illik hesabatı dinlənilib + Foto Noy 05, 2022 | 16:06 / Konfranslar, iclaslar

5 Noyabr 2022-ci il tarixində AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının Biologiya və Tibb Elmləri Bölməsinin İnstitutlarının illik hesabatları dinlənilib. Məruzələr elmi bölməyə aid 8 institutun GAMŞ sədrləri tərəfindən təqdim edilib.

Tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin ruhunu  bir dəqiqəlik sükutla yad etməklə başlamışdır. Hesabatı giriş sözü ilə açan GAMŞ sədri, k.ü.f.d. Elmir Babayev əvvəlcə qarşıdan gələn Zəfər Günü münasibətilə gəncləri təbrik etmiş, keçdiyimiz zəfər yolundan, qəhrəman şəhid və qazilərimizdən bəhs etmişdir. Sədr E. Babayev GAMŞ BTEB-in institutlarının elmi və ictimai fəaliyyətdə daima fəal olduqlarının vurğulamış, hesabatın gedişinə uğurlar arzu etmişdir.

Hesabat Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun GAMŞ sədri, həmçinin GAMŞ Biologiya və Tibb Elmləri bölməsinin katibi Nərgiz Bayramovanın məruzəsi ilə davam etmişdir. Məruzəçi institutun gənc alimlərinin cari ildə  iştirak etdikləri beynəlxalaq və yerli konfrans və tədbirləri, həmçinin qrant layihələri barədə məlumat vermiş, il ərzində çap olunmuş elmi əsərlərin sayını açıqlamışdır. N. Bayramova xüsusi olaraq bu ilin önəmli nailiyyətlərindən birinin 2022-ci il Gənclər üçün Prezident mükafatına elm üzrə Molekulyar Biologiya və Biotexnologiyar İnstitutunun  Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Lalə Axundovanın layiq görüldüyünü vurğulamışdır.

Botanika İnstitutunu təmsil edən GAMŞ sədri Aydan Zeynalova institutun  gənc alim və tədqiqatçılarının həm elmi, həm də ictimai fəaliyyətini diqqətə çatdırmışdır. Nəşr edilmiş məqalə və tezislər, eləcə də yerli və beynəlxalq konfranslarda gənclərin fəal iştirakları haqqında məlumat vermişdir. Aydan Zeynalova 31.10.2022-04.11.2022 tarixlərində Rusiyanın Nijni Novqorod şəhərində təşkil olunan "Sərhədsiz Elm" Forumunda "Qida təhlükəsizdiyi" seksiyasında çıxış edərək III dərəcəli diplomla mükafatlandırılmışdır. A. Zeynalova həmçinin elmi fəaliyyətin genişləndirilməsi istiqamətində institutda görülən işlərdən bəhs etmişdir.

Zoologiya İnstitutunun GAMŞ sədri Leyla Nadirli tədbirlər planı üzrə institutlarında keçirilmiş tədbirlərdən, KİV-də çıxışlardan, ezamiyyə və nəşrlərdən bəhs edərək gənclərin fəal iştirakını xüsusi vurğulamışdır.

Fiziologiya İnstitutunun GAMŞ sədri Nərmin Bağırova məruzəsində cari ildə şuranın təşkil etdiyi tədbirlərdən bəhs etmişdir. N. Bağırova Gənclər və İdman Nazirliyi, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən  Gənc alimlərin yay düşərgəsində fəal iştirak edən gənclər barədə də məlumat vermişdir.

Mikrobiologiya İnstitutu üzrə illik hesabatı tədqim edən sədr Aytən Əliyeva GAMŞ-ın qarşısına qoyulmuş vəzifələrdən, icra edilmiş kompleks tədbirlərdən söz açaraq, institutun hazırda KTN-nin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə bir sıra sahələrdə praktiki layihələr həyata keçirdiyini qeyd etmişdir.

Dendrologiya İnstitutunun GAMŞ sədri Leyla Atayeva tərəfindən təqdim olunmuş hesabat zamanı institutun gənclərinin cari ildə 16 beynəlxalq, 11 yerli olmaqla 22 tam dərc edilmiş, 5 çapta olan məqalə, 13 beynəlxalq, 12 yerli olmaqla 14 tam dərc edilmiş, 11 çapta olan tezislərinin olduğu qeyd edilmişdir. Sədr həmçinin gənclərin 2022-ci ildə  26 sertifikata layiq görüldüklərini, 4 dissertasiya işinin ilkin müzakirəsi, 1 dissertasiya işinin müdafiəsi, həmçinin şura tərəfindən təşkil edilmiş 2 xeyriyyə işinin olduğunu vurğulamışdır.

Genetik Ehtiyatlar İnstitutunun GAMŞ sədri Günel Musayeva öz məruzəsində institutun Molekulyar genetika və genomika laboratoriyasının elmi işçisi Səbinə Fərhadovanın “Siçanın embrion kök hüceyrə modelləri üzərində insanın imprintinq xəstəliklərinə səbəb olan epigenetik mexanizmlərin tədqiqi” mövzusunda dissertasiya müdafiəsinin 2022-ci il 09 iyun tarixində Monpelye Universitetində uğurla həyata keçirildiyini qeyd etmiş, bu nailiyyətin təkcə institut deyil, bütün bölmə üçün böyük uğur olduğunu vurğulamışdır.

Torpaşünaslıq və Aqrokimya İnstitutunu təmsil edən GAMŞ sədri Tərlan Yelmarlı institutlarında gənc alim və mütəxəssislərin təşəbbüsü və təşkilatçılığı ilə respublika üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrlə və anım günləri ilə əlaqəli təşkil edilmiş elmi-praktiki konfranslar və tədbirlərdən söz açmışdır.

Məruzələrin sonunda bölmənin hesabatı yüksək qiymətləndirilmiş, şuranın gələcək fəaliyyəti, gənclərin elmi və ictimai sferada aktiv olmaqlarını optimallaşdırmaq və daha da irəlilətmək üçün fikir mübadilələri aparılmışdır.