sa sa 550
Zoologiya İnstitutunun illik hesabat iclası keçirilib + Foto Dek 19, 2022 | 01:47 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Elmi şurasının sözügedən elmi müəssisənin 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.

Yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov da iştirak ediblər.

Tədbiri akademik İradə Hüseynova açaraq Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə AMEA-nın tabeliyində olan bir sıra elmi müəssisə və təşkilatların, o cümlədən də Zoologiya İnstitutunun Elm və Təhsil Nazirliyinə verilməsi ilə bağlı məsələyə toxunub, institutun yeni dövrdə fəaliyyətlərini uğurla davam etdirəcəyinə ümid etdiyini bildirib.

Sonra akademik İradə Hüseynova Zoologiya İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatın təqdimatı üçün sözü müəssisənin direktoru vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazova verib.

Ələddin Eyvazov bildirib ki, cari ildə Zoologiya İnstitutunda 1 istiqamət, 4 problem, 10 mövzu, 33 iş və 103 mərhələ üzrə elmi tədqiqat işləri aparılıb və bir neçə mühüm nəticə əldə edilib.

Hesabat ilində institut əməkdaşları tərəfindən cəmi 132 olmaqla, 67 məqalə, 61 tezis, 2 monoqrafiya, 1 katoloq, 1 dərslik çap olunub, 1 kitab isə çapa təqdim edilib. Onlardan 60 məqalə və 23 tezis xarici jurnallarda nəşr edilib. Çap olunan məqalələrdən 38-i beynəlxalq indeksli bazalara daxil olmaqla, 35-i “Web of Science” və “Scopus”, 1-i ULAKBİM, 2-i isə AGRİS bazalarında indeksləşən jurnallarda çap olunub. Məqalələr dərc olunan jurnalların 9-u impakt faktorludur. İl ərzində institut əməkdaşlarının məqalələrinə 237 istinad olunub və bir patent alınıb. İnstitut əməkdaşları yerli və  xarici konfranslarda məruzələrlə çıxış ediblər.

Məruzəçi qeyd edib ki, hazırda institutda elmlər doktoru hazırlığı üzrə 14 dissertant, 2 qiyabi doktorant, fəlsəfə doktoru hazırlığı üzrə 2 əyani, 1 qiyabi doktorant, 3 dissertant elmi tədqiqat işləri aparır, magistraturada 3 magistr təhsil alır. Cari ildə fəlsəfə doktoru hazırlığı üzrə 8 müdafiə keçirilib. Hesabat ilində fəlsəfə doktoru hazırlığı proqramı üzrə 8 doktorant və dissertant dissertasiya müdafiə edib.

Sonra institutun illik hesabatı ətrafında çıxışlar edilib, Azərbaycanın “Qırmızı kitab”ının III nəşrinin hazırlannması, kadr hazırlığı, gənclərin elmə cəlb edilməsi, tədqiqatların keyfiyyətinin yüksəldilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə AMEA-nın müxbir üzvü İlham Ələkbərov, biologiya elmləri doktoru, professor Şaiq İbrahimov, biologiya elmləri doktorları Asif Manafov, Qara Fətəliyev, Mahir Hüseynov, biologiya elmləri üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov, Reyhan İbrahimova iştirak ediblər.

Sonra akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq bir sıra məsələlər üzrə tapşırıq və tövsiyələrini verib.

İnstitutun hesabat ilindəki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş qiymətləndirilib, müvafiq qərar qəbul olunub.

science.gov.az