sa sa 66
AMEA-nın prezidenti ilk dəfə regional elmi mərkəzin illik hesabatının müzakirəsində iştirak edib + Foto Yan 16, 2023 | 10:23 / Konfranslar, iclaslar

AMEA-nın Rəyasət Heyətinin Lənkəran Regional Elmi Mərkəzinin hesabatının müzakirəsi ilə əlaqədar iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, Akademiyanın Rəyasət Heyətinin üzvləri, akademiklər - Arif Həşimov, İbrahim Quliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Lənkəran rayonunun elm və ali təhsil ictimaiyyətinin, eləcə də aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.

Sonra İkinci Qarabağ müharibəsinin şəhidi, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Mahsun Bağırzadənin Mərkəzdəki barelyefi önünə tər qərənfillər düzülüb.

Hesabat iclasını giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli builki hesabatın əlamətdar tarixə təsadüf etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli”nin başladığı vurğulanaraq bildirilib ki, Ulu Öndərə həsr edilmiş “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda keçirilmiş elmi konfransla Akademiyada “Heydər Əliyev İli” tədbirlərinə start verilib. “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlərin AMEA-nın regionlarda fəaliyyət göstərən elmi bölmə və mərkəzlərində də təşkil olunacağını nəzərə çatdırıb, Lənkəran Regional Elmi Mərkəzində keçiriləcək tədbir barədə müvafiq tapşırıqlar verib.

Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə AMEA-da çalışan əməkdaşların, təqaüddə olan alimlərin, doktorant və magistrantların müvafiq olaraq aylıq vəzifə maaşlarının və təqaüdlərinin artırılmasının alimlərimizə göstərilən ardıcıl dövlət qayğısının daha bir əməli ifadəsi olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiya kollektivi adından ölkə başçısına dərin minnətdarlığını ifadə edib. Ölkəmizin Prezidenti tərəfindən səsləndirilən çağırışlara əsasən elmimizin qarşısında qoyulan vəzifələrin AMEA-nın bütün elmi-tədqiqat müəssisələrində icra olunduğunu nəzərə çatdıran akademik İsa Həbibbəyli bu sırada Lənkəran Regional Elmi Mərkəzinin də fəaliyyətindən danışıb. Mərkəzdə aparılan elmi-tədqiqat işlərinin aparılmasında əsas diqqətin azərbaycançılıq ideyası istiqamətinə yönəldilməsinin önəminə toxunan Akademiya rəhbəri xüsusilə son illərdə regionda aparılan tədqiqatların əsas mərhələlərini səciyyələndirib, müasir çağırışlar işığında yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Milli dövlətçilik, multikulturalizm, herontologiya, eləcə də sitrusçuluq, çayçılıq, çəltikçilik sahələrində elmi təcrübə və tədqiqatların artırılmasının, Mərkəzdə fəaliyyət göstərən Folklor, etnoqrafiya və arxeologiya şöbəsinin əhatə dairəsinin gemişləndirilərək Tarix və ədəbiyyat şöbəsi kimi formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan akademik İsa Həbibbəyli burada aparılacaq tədqiqat istiqamətləri barədə tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb, Mərkəz əməkdaşlarının azərbaycançılıq baxımından xüsusi əhəmiyyət kəsb edən bir neçə tədqiqat əsərinin AMEA-nın builki nəşriyyat planına salınacağını qeyd edib. Mərkəzdə elmi kitabxana yaradılması barədə müvafiq tapşırıq verən akademik İsa Həbibbəyli daxili imkanlar hesabına kitabxanaçı vəzifəsinin yeni struktura daxil edildiyini bildirərək həmin fonda ilk kitab nüsxələrini də hədiyyə edib.

Tədbirdə regionda herontologiya – uzunömürlülük sahəsində tədqiqatların genişləndirilməsi məsələləri də müzakirə olunub və bu sahədə aparılacaq tədqiqatların yeni istiqamətləri barədə müvafiq tapşırıqlar verilib.

Sonra AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2022-ci il üzrə hesabatı dinlənilib. Hesabatı təqdim edən Elmi Mərkəzin baş direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev bildirib ki, Prezident İlham Əliyevin son illər aqrar sahəyə göstərdiyi xüsusi diqqət, digər sahələr kimi çayçılıq və sitrusçuluğun inkişafı ilə bağlı verdiyi sərəncamlar, qəbul edilən Dövlət Proqramları bu sahələrin intensiv inkişafı üçün geniş imkanlar açıb. Cənab Prezidentin 2017-ci ildə Lənkəranda çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafına həsr edilmiş müşavirədə proqram xarakterli çıxışı, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, 2018-ci ildə çayçılıq, sitrusçuluq və çəltikçiliklə bağlı qəbul edilən Dövlət Proqramları işimizin ana xəttini təşkil edir.

Professor Fərman Quliyev qeyd edib ki, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları 2022-ci ildə elmi-tədqiqat işlərinin əhatə dairəsini daha da genişləndirmişlər. Belə ki, ötən il Lənkəran-Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, yeni sortların yaradılması və artırılması, tibbi nəzarətin uzunömürlülük fenomeninə təsirinin öyrənilməsi, folklor, etnoqrafik, arxeoloji abidələr üzrə tədqiqatlar diqqət mərkəzində olmuşdur. Mərkəzin rəhbəri elmi qurumun fəaliyyət istiqamətləri, mövcud problemlər, region üçün xarakterik olan uzunömürlülük sahəsində aparılmış tədqiqatlar barədə geniş məlumat verib, tədqiqat işinin perspektivlərindən danışıb, hesabat ilində alınmış mühüm elmi nəticələri diqqətə çatdırıb.

Professor Fərman Quliyev AMEA prezidentinin ilk dəfə regionun elmi hesabatının müzakirəsində iştirak etdiyini xüsusi vurğulayıb, diqqət və qayğıya görə elmi müəssisənin kollektivi adından Akademiya rəhbərliyinə minnətdarlığını ifadə edib.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə çıxış edərək ölkə rəhbərliyi tərəfindən bütün regionların, o cümlədən Lənkəran şəhərinin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Regionun elmi qurumuna diqqətinə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən Mikayıl Cəfərzadə Lənkəranda elm və ali təhsil qurumları arasında qarşılıqlı əlaqələrin inkişafına bundan sonra da böyük əhəmiyyət veriləcəyini diqqətə çatdırıb.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb. AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, vitse-prezidentlər – akademik İbrahim Quliyev, akademik İradə Hüseynova və akademik Gövhər Baxşəliyeva çıxış edərək müxtəlif elmi istiqatmətlər üzrə Lənkəranda aparılan tədqiqatlar barədə fikirlərini bildirib, təklif və mülahizələrini irəli sürüblər.

Müzakirələrdə regionda fəaliyyət göstərən alimlərdən filologiya elmləri doktoru Yadulla Ağazadə, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova, elmi mərkəzin şöbə müdiri Sərraf Talıbov, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu və başqaları çıxış ediblər.

Tədbirin sonunda akademik İsa Həbibbəyli Rəyasət Heyətinin qərarı ilə 85 illik yubileyi münasibətilə təltif olunmuş Lənkəran Regional Elmi Mərkəzinin baş direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyevə AMEA-nın Fəxri fərmanını təqdim edib. Akademik İradə Hüseynova və başqaları çıxış edərək yubilyarın elmi və təşkilati fəaliyyətindən ətraflı bəhs ediblər.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvləri Lənkəran Regional Elmi Mərkəzinin təcrübə-sınaq sahəsi ilə tanış olub və həmin sahənin imkanlarının daha da genişləndirilməsi ilə əlaqədar məsələlər müzakirə edilib. Sahədə yetişdirilən, region üçün xarakterik olan yeni sortların çoxaldılması üçün müvafiq tapşırıqlar verilib.

science.gov.az