sa sa 622
Gənc Alim və Mütəxəssislər Şurasının “Kiçik Akademiya”larla əməkdaşlığı çərçivəsində növbəti görüş baş tutub + Foto Yan 30, 2023 | 10:45 / Görüşlər

AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən 246 nömrəli məktəb-liseydə tədbir keçirilib.

Tədbirdə Biologiya və Tibb Elmləri Bölməsində yer alan institutların Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri və gənc tədqiqatçılar iştirak ediblər.
Əsas məqsəd məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”nın fəaliyyəti ilə daha yaxından tanış olmaq, istedadlı gəncləri elmə həvəsləndirmək olub.
Öncə məktəbin direktoru Elmar Həşimov şura üzvlərinə “Kiçik Akademiya”nın fəaliyyəti barədə ətraflı məlumat verib. 

Sonra “Kiçik Akademiya”nın rəhbəri, məktəbin tarix müəllimi Şücaət Qafarova istedadlı şagirdləri və onların mövzularını təqdim edib. 
Tədbirdə VIII, IX, X sinif şagirdlərinin təqdimatında “Ekoloji problemlər”, “Anemiyada eritrositlərin morfoloji dəyişiklikləri və patoloji formaları”, “Nanotexnologiyada nano-gümüşün antibakterial funksiyası” və “Qlobal məqsədlər” mövzularında ən aktual problemləri əks etdirən məruzələr dinlənilib.

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, GAMŞ BTEB-in elmi katibi Nərgiz Bayramova şagirdlərin məruzələrini yüksək qiymətləndirib. O, elm və təhsilin vəhdəti baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsini məqsədəuyğun hesab edib. 
Fiziologiya İnstitutunun GAMŞ sədri Nərmin Bağırova isə şagirdlərin məruzələri və mövzu seçimləri ilə bağlı tövsiyyələrini verib, onlara uğurlar arzulayıb.
Tədbirdə, həmçinin Fiziologiya İnstitutunun elmi işçiləri Afaq Nurullayeva,  Jalə İbrahimova da çıxışçılar və məruzələrlə bağlı öz fikirlərini səsləndiriblər.

Sonda gənc alimlər elmə həvəsi olan şagirdlərə hər zaman dəstək olacaqlarını vurğulayıblar. 

azpressmedia.az