sa sa 3580
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib + Foto Fev 03, 2023 | 11:00 / Tədbirlər

Fevralın 2-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tədbiri giriş sözü ilə açaraq bayram münasibətilə gəncləri təbrik edib. Akademik qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən gənclər siyasəti, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanda intellektual, milli düşüncəyə sahib gənclər formalaşır və onlar ölkənin ictimai-siyasi həyatında böyük rol oynayırlar. O, ölkədə gənclərin elmə cəlb olunması istiqamətində görülən tədbirlərdən, gənclərin xarici ölkələrdə təhsil alması üçün qəbul edilən dövlət proqramlarından bəhs edib. Akademik İradə Hüseynova qeyd edib ki, hazırda institutun  gənc mütəxəssisləri “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında elan edilən müştərək doktorantura proqramı, İslam İnkişaf Bankının PhD üzrə təqaüd proqramı çərçivələrində dünyanın aparıcı universitetlərində - Böyük Britaniyanın Oksford Universitetində, Fransanın Monpelye Universitetində, Belçika Krallığının Gent Universitetində, Fransa Respublikasının Grenoble Politexnik İnstitutunda, Türkiyə Respublikasının Bilecik Şeyh Edebali Üniversitetində doktorantura təhsili alırlar. Xaricdə təhsil alan gənclərdən Proteomiks laboratoriyasının kiçik elmi işçisi Hüseynova Fidan biologiya üzrə fəlsəfə doktoru dissertasiyasını Monpelye universitetində böyük uğurla müdafiə edərək Azərbaycana qayıdıb. Akademik belə gənclərin yüksək ixtisaslı mütəxəssislər kimi Azərbaycan elminin gələcək inkişafına öz töhfələrini verəcəklərinə inamını ifadə edib.  

Sonra MBBİ-nin Veteranlar şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, sədr müavini Şəfa Əliyeva, MBBİ GAMŞ sədri Nərgiz Bayramova, Riyaziyyat və Mexanika İnstitutu GAMŞ sədri Pərviz Müseyibli çıxış edərək ölkəmizdə gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verildiyini, gənclər siyasətinin müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar.

Tədbirin sonunda akademik İradə Hüseynova MBBİ-nin elmi və ictimai həyatında fəal iştirak edən gənclərə sertifikatlar təqdim edib. İlin gənc alimi nominasiyası üzrə Hüseynova Fidan, ilin gənc tədqiqatçısı kimi Bayramova Nərgiz,  ilin gənc müəllimi kimi İsmayılova Günay, ilin magistrantı nominasiyası üzrə Əliyeva Xəyalə və Yusifova Günel, ilin fəal gənci kimi b.ü.f.d., dosent Qurbanova Ulduza mükafatlandırılıblar. Tədbir çay süfrəsi ilə davam edib.