sa sa 496
MBBİ əməkdaşları ilə Almaniyanın Maks Plank Təkamül Antropologiyası İnstitutunun əməkdaşları arasında onlayn görüş keçirilib + Foto Mart 30, 2023 | 09:10 / Görüşlər

Martın 29-da Azərbaycan Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları ilə Almaniyanın Maks Plank Təkamül Antropologiyası İnstitutunun əməkdaşları arasında Zoom platformasında görüş keçirilib. Qeyd edək ki, Maks Plank Təkamül Antropologiyası İnstitutuna 2022-ci ildə “Fiziologiya və Tibb” sahəsində Nobel mükafatı almış professor Paabo Svante rəhbərlik edir. Görkəmli İsveç alimi bu mükafatı Neandertal və Denisov adamı genomlarının oxunmasına görə alıb. Görüş professor Paabo Svantenin razılığı ilə baş tutub. Görüşdə Azərbaycan tərəfindən institutun icraçı direktoru b.ü.f.d., dos. Ələmdar Məmmədov, Proteomiks beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. İsmayıl Zülfüqarov, Populyasiya genomiksi laboratoriyasının müdiri, b.ü.f.d., dosent Nurməmməd Mustafayev, həmin laboratoriyanın kiçik elmi işçisi doktorant Zərintac Rüstəmova, Hesablama struktur biologiyası laboratoriyasının doktorantı mühəndis-proqramlaşdırıcı Lalə İbadullayeva, Almaniya tərəfindən Maks Plank Təkamül Antropologiyası İnstitutunun Arxeogenetika Şöbəsinin rəhbəri professor Cohannes Krause, həmin şöbənin “Haplogroup” qrupunun rəhbəri PhD Harald Ringbauer iştirak edib. Görüş ərzində hər iki elmi müəssisədə aparılan tədqiqatlar barədə məlumatlar verilib, Azərbaycanda molekulyar antropologiya istiqamətində tədqiqatların aparılmaması, Cənubi Qafqazda, xüsusilə Azərbaycanda aparılan arxeoloji qazıntılardan əldə edilən antropoloji və digər bioloji materiallar haqqında dünya elmi ictimaiyyətində demək olar ki, məlumatın olmaması vurğulanıb. Tərəflər Azərbaycanda qədim DNT sahəsində birgə tədqiqatlar aparmağa qabil mütəxəssislərin yetişdirilməsi və burada uyğun laboratoriyanın yaradılması barədə imkanlarını qiymətləndiriblər. Bu ilin iyun-iyul aylarında Zərintac Rüstəmova 3 həftəlik müddətdə Maks Plank İnstitutunda təcrübə keçməyə dəvət olunub. Sonda institutun baş direktoru akademik İradə Hüseynovanın görüşdə iştirak edən alman alimlərini, o cümlədən  Paabo Svanteni Azərbaycana dəvət etdiyi bildirilib. Qarşılıqlı olaraq eyni təklif Almaniyalı həmkarlar tərəfindən də səsləndirilib.