sa sa 463
9 May –Qələbə Günüdür May 08, 2023 | 15:59 / Mühüm hadisələr

Artıq 78 ildir ki, 9 May - faşizm üzərində Qələbə Günü təntənəli surətdə qeyd olunur. Minlərlə həmvətənimiz bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 650 min oğul və qızını yola salıb və onlardan 420 mini geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olub. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.