sa sa 361
Gənc tədqiqatçıların ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə kurs təşkil edilib + Foto İyn 09, 2023 | 11:44 / Konfranslar, iclaslar

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılğı və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin dəstəyi ilə gənc tədqiqatçıların ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə “Virtual EL Educator” proqramı həyata keçirilib.

Amerikalı təlimçi Erin Karl tərəfindən onlayn kursun birinci semestri 2022-ci ilin oktyabr-dekabr aylarında, ikinci semestri 2023-cü ilin mart-may aylarında təşkil edilib. Birinci semestrdə 90 gənc tədqiqatçı iştirak edib və onlardan daha yüksək nəticə göstərən 50 nəfər ikinci semestrə vəsiqə qazanıb. Kurs zamanı dinləmə, oxuma, danışma və yazma bacarıqları ilə yanaşı, akademik yazı, ünsiyyət, məlumat mübadiləsi və təqdimat bacarıqları üzrə təlimlər keçirilib.

Kursu uğurla başa vuran gənclərin sertifikatlarla təltif edilməsi məqsədilə AMEA-nın Mərkəzi Kitabxanasında xüsusi mərasim təşkil edilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Salman Hacı və ingilis dili üzrə proqram koordinatoru Səbinə Abdullayeva, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov, AMEA-nın Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva və şöbənin əməkdaşları iştirak ediblər.

Tədbir Rüstəm Rüstəmovun moderatorluğu ilə həyata keçirilib. O, giriş sözü ilə çıxış edərək 6 ay davam edən kursla əlaqəli ətraflı məlumat verib və iştirakçıları kursun nəticələri ilə tanış edib. Bildirib ki, kurslarda iştirak üçün müsabiqəyə tədqim edilmiş 160-dan çox ərizə amerikalı təlimçi tərəfindən qiymətləndirilib və bütün elm sahələrini əhatə edən 90 gənc bu proqrama qəbul edilib.

Akademik Arif Həşimov ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilmiş bu layihənin əhəmiyyətini və onun gənclər üçün açdığı perspektivləri vurğulayıb. O, dil biliklərinin, xüsusilə ingilis dili biliklərinin beynəlxalq elm aləminə inteqrasiyada müstəsna yer tutduğunu bildirib, belə proqramların davam etdirilməsini təklif edib. Arif Həşimov Azərbaycan gənclərinin beynəlxalq səviyyədə inkişafı üçün dövlət tərəfindən mühüm tədbirlərin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Salman Hacı və Səbinə Abdullayeva layihənin həyata keçirilməsində əməkdaşlığına görə AMEA rəhbərliyinə və layihənin hazırlanmasına görə R.Rüstəmov və E.Əlirzayevaya təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, Azərbaycan elmi ictimaiyyətinin əlaqələrinin genişləndirilməsi üçün belə proqramlar böyük əhəmiyyətə malikdir və onların davam etdirilməsi məqsədəuyğundur.

E.Əlirzayeva kurs iştirakçılarını nümayiş etdirdikləri yüksək nəticələrə görə təbrik edib. Onlara bu layihə çərçivəsində qazandıqları bilikləri həmkarları ilə bölüşməyi təklif edib. Həmçinin gənc tədqiqatçıların beynəlxalq layihələrə qoşulmasını və təqaüd proqramlarında iştirakını təşviq edib.

Kurs iştirakçıları proqramla əlaqəli müsbət fikirlərini bildirib, onun davam etdirilməsini təklif ediblər.

Sonda kursu uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

Qeyd edək ki, kurs iştirakçılarından bəziləri artıq bu layihə çərçivəsində qazandıqları dil bacarıqlarından istifadə edərək müxtəlif beynəlxalq təlimlərə qatılıb və ya xaricdə qısamüddətli tədqiqatlar aparıb.

science.gov.az