sa sa 805
AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib + Foto İyl 10, 2023 | 09:00 / Mühüm hadisələr

İyulun 7-də AMEA Rəyasət Heyətinin binasında 2022/2023-cü tədris ilində AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, AMEA-nın tabeliyində olan və əhatə etdiyi bir sıra müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, Təhsil şöbələrinin müdirləri, gənc alim və mütəxəssisləri, məzunlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan Milli Elmlər Akademiyasında magistratura təhsilinin ölkə başçısının müvafiq Fərmanı ilə 2015-ci ildə yaradıldığını deyən akademik İsa Həbibbəyli bu günədək Akademiya üçün ümumilikdə 749 plan yerinin ayrıldığını və bu plan yerlərinə 649 nəfərin qəbul olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ötən illər ərzində Akademiyada gəncləşmə siyasətinin həyata keçirilməsində magistraturanın çox boyük rolu olub.

AMEA rəhbəri bildirib ki, məzunların təxminən yarısı fəaliyyətlərini bu elm məbədində davam etdirir, bu da öz növbəsində magistraturanın elmin gəncləşməsi prosesinə böyük töhfə verdiyinin göstəricisidir.

Akademiyanın magistraturasının özünəməxsus cəhətləri haqqında söz açan akademik İsa Həbibbəyli buradakı elmi-texniki baza, laboratoriyalar, təşkil olunan çoxsaylı elmi konfrans, seminar və digər tədbirlər, magistrantlarla elmi rəhbərlər arasında qurulan münasibətlər, gənclərin elmi məqalələrinin AMEA-nın jurnallarında nəşri, nüfuzlu alimlərdən ibarət komissiyaların qarşısında dissertasiyaların müdafiəsi və s. kimi amillərin magistrlərin akademik mühitdə formalaşmasına kömək etdiyini, bütün bunların gənclər üçün ilkin elmi məktəb olduğunu qeyd edərək Akademiyanın magistraturasında yalnız AMEA üçün deyil, bütün ölkə üçün gənc kadrların hazırlandığını vurğulayıb.

Ölkə başçısı tərəfindən hər il verilən Gənclər üçün Prezident mükafatı, habelə Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülənlər sırasında Akademiya əməkdaşlarının olduğunu, AMEA Rəyasət Heyəti tərəfindən də il ərzində fərqlənən gənclər üçün “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın təsis edildiyini deyən akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən hazırlanan “Gənc tədqiqatçı” elmi jurnalının bu ildən il ərzində 4 dəfə çap olunacağını, onlardan 1 sayının isə ingilis dilində nəşr ediləcəyini bildirib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən gənclər siyasətinə uyğun çoxsaylı tədbirlərin AMEA-da da geniş şəkildə həyata keçirildiyini bildirən akademik İsa Həbibbəyli məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra AMEA-da hazırlanmış “Elm məbədi” filmi nümayiş etdirilib.

Tədbirdə, həmçinin çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, tex.e.ü.f.d., dosent Hüseyn Hüseynov Akademiyada bu günədək ümumilikdə 479 nəfərin məzun olduğunu, onlardan 216 nəfərin AMEA-da qalaraq öz elmi fəaliyyətlərini davam etdirdiklərini söyləyib. 2015-2023-cü illərdə məzunların bölmələr üzrə statistikasını təqdim edən Hüseyn Hüseynov 2023-cü il üzrə 102 məzundan 74-nün fərqlənmə diplomuna layiq görüldüyünü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölmələri üzrə 15 nəfər məzundan 6-nın təhsilini davam etdirmək üçün Akademiyanın doktoranturasına sənədlərini təqdim etdiyini söyləyib: “2015-2023-cü illərdə AMEA-nın magistraturasını bitirmiş 479 nəfərdən 103-ü hazırda fəlsəfə doktoru hazırlığı üzrə təhsilini davam etdirir. Artıq 3 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmiş, onlardan 1 nəfər isə elmlər doktoru hazırlığı üzrə təhsil alır. Məzunlardan 14 nəfəri hazırda təhsilini xaricdə davam etdirir”.

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov isə bildirib ki, bu gün qloballaşan dünyada milli kimliyimizin qorunmasında və milli dəyərlərimizin təbliğində, elmin, eləcə də gənclərin və gənc alimlərin üzərinə böyük məsuliyyət düşür. Qeyd edib ki, respublikada daim gənclərə xüsusi diqqət yetirilib, Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb, “Gənclər günü” təsis edilib, gənclərin forumları keçirilib və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə, həmçinin çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva və akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik akademik Vaqif Fərzəliyev gənclərə öz tövsiyələrini çatdırıb, gələcək həyatlarında uğurlar arzulayıblar.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun məzunu Nəzrin Əliyeva, A.A.Bakıxanov adına Tarix İnstitutunun məzunu Fatimə Rüstəmova, Riyaziyyat və Mexanika İnstitutunun məzunu İlkin Feyzullayev və valideynlərdən Təranə Cəfərova isə çıxışlarında Akademiya rəhbərliyinə və müəllimlərinə təhsil aldıqları müddətdə yaradılan şəraitə və göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra Akademiyanın Marşı səsləndirilib.

Sonda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yüksək intellekti ilə seçilən, milli mənəvi dəyərlərimizin qoruyucusu olan gənclərimizə daim Azərbaycançılıq ideologiyasına sadiq qalmağı, onu uca tutmağı və gələcək həyatlarında uğur qazanmaq naminə qətiyyətli addımlar atmağı tövsiyə edərək tədbirə yekun vurub.

science.gov.az