sa sa 5072
MBBI-nin əməkdaşı Maks Plank Təkamül Antropologiyası İnstitutunda elmi ezamiyyədə olub + Foto Okt 04, 2023 | 11:00 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertantı, Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Zərintac Rüstəmova 01-29 sentyabr 2023-cü il tarixlərində Almaniyanın Leypsiq şəhərində yerləşən 2022-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatı Paabo Svantenin rəhbərlik etdiyi Maks Plank Təkamül Antropologiyası İnstitutunun Arxeogenetika Departamentində elmi ezamiyyədə olub. O, burada bioinformatika qrupunun rəhbəri Dr. Harald Ringbauerin rəhbərliyi altında təcrübə kursu keçib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında birgə elmi əməkdaşlıq çərçivəsində arxeoloji qazıntılardan əldə olunan müxtəlif tarixi mədəniyyətlərə, xüsusən Kür-Araz, Xocalı-Gədəbəy, Talış-Muğan, Leyla-Təpə mədəniyyətlərinə aid 43 antropoloji materialın Arxeogenetika şöbəsinin direktori Prof. Dr. Johannes Krausenin və Prof. Michael McCormickin rəhbərlik etdiyi  MHAAM (Max Planck – Harvard Research Center for the Archaeoscience of the Ancient Mediterranean) lahiyəsi üzrə tədqiq olunması planlaşdırılır. Ezamiyyə müddətində ilkin olaraq Azərbaycandan aparılan antropoloji materiallar identifikasıya olunaraq institututun data-bazasına (Pandora) yerləşdirilib. Gənc tədqiqatçı eyni zamanda Almaniyanın Yena şəhərində yerləşən EVER Pharma şirkətində qədim və müasir DNT ilə tədqiqatların aparıldığı ən son texnologiyalarla təchiz olunmuş laboratoriyalarla tanış olub. Bu laboratoriyalarda ilkin antropoloji materialların səthinin təmizlənməsi, foto şəkillərin çəkilərək qablaşdırılması, identifikasiyası aparılır, materiallar drellənmə mərhələsi üçün hazırlanır və toz halına salınır. DNT-nin ekstraksiyası və  sekvens analizlər üçün nəzərdə tutulan Agilent Technologies şirkətinə məxsus robot texnologiyası vasitəsilə klassik metodlardan fərqli olaraq daha qısa vaxtda steril materiallar əldə olunur. Növbəti səfərdə sekvens olunan materialların bioinformatik analizlərinin həyata keçirilməsi nəzərdə tutulur.