sa sa 1207
18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür Okt 18, 2023 | 09:24 / Mühüm hadisələr

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq dünyəvi, parlamentli müstəqil demokratik respublika yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Hal-hazırda Prezident İlham Əliyev Ulu Öndərin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Məhz bunun nəticəsində artıq biz bu gün neçə illərdir ki, həsrətində olduğumuz anların şahidi olduq. Azərbaycan ordusu Qarabağda şanlı tarix yazdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad olundu. Şuşada, Xankəndində Azərbaycan bayrağı dalğalandı. Bu gün xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan daha yüksək zirvələr fəth edəcək.