sa sa 1299
Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın tədqiqatlarının nəticəsi fundamental monoqrafiyalarda öz əksini tapıb Okt 31, 2023 | 14:08 / Mühüm hadisələr

Görkəmli oftalmoloq Zərifə Əliyevanın tədqiqatlarının əsas istiqamətlərini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası, peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası, həmçinin kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti və s. təşkil etmişdir. Bu tədqiqatların nəticələri bir sıra sanballı əsərlərdə, o cümlədən “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual problemləri”, 2 hissədən ibarət “Görmə orqanının peşə patologiyası” kimi fundamental monoqrafiyalarda öz əksini tapmışdır.

Bu sözləri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimində çıxışı zamanı deyib.

“4-cü Sənaye inqilabının öz yerini 5-ci Sənaye inqilabına verməkdə olduğu müasir dövrümüzdə elm və texnologiyaların ən çox nüfuz etdiyi sahələrdən biri də tibb, o cümlədən də oftalmologiyadır”, - deyən akademik İradə Hüseynova  bildirib ki, oftalmologiya tibbdə texnoloji inqilabın paradiqmasıdır. O, son illərdə modern texnologiyalara əsaslanan terapevtik vasitələrin inkişafının əhəmiyyətli dərəcədə gücləndiyini qeyd edib.

Akademik İradə Hüseynova bugünkü konfransa Azərbaycanla yanaşı, Rusiya, Özbəkistan, Ukrayna, Belarus, Gürcüstan və s. ölkələrin alimlərinin elmi tədqiqatlarını əhatə edən 160-dan artıq tezisin təqdim olunduğunu diqqətə çatdırıb. Vitse-prezident tədbirdə dinləniləcək məruzələrin, müxtəlif mövzularda aparılacaq müzakirələrin Azərbaycan tibb elmi sahəsinin inkişafına komək edəcəyini bildirib.

science.gov.az