sa sa 3244
Akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir öz işini başa vurub + Foto Noy 17, 2023 | 14:16 / Konfranslar, iclaslar

AMEA Rəyasət Heyəti və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) birgə təşkilatçılığı ilə keçirilən, görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı” mövzusunda “Akademik Cəlal Əliyev qiraətləri” öz işini başa vurub.

Beynəlxalq iştirakla təşkil edilən bu mühüm elmi tədbirdə plenar məruzəçi fotosintez sahəsində dünya şöhrətli alim, Beynəlxalq İpək Yolu Elmlər Akademiyasının Start Komitəsinin üzvü, Macarıstanın Elmlər Akademiyasının Bioloji Tədqiqat Mərkəzinin professoru, Çexiya Respublikasının Ostrava Universitetinin dəvətli professoru, Biofotonika R&D Ltd.-nin baş direktoru Gyozo Qarab olub. Həmçinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, bilogiya elmləri doktoru Yaşar Feyziyevin “Xlorofil II flüoressensiyası və fotosistem II-nin reaksiya mərkəzlərində elektronun fotokimyəvi daşınması”, laboratoriya müdiri, bilogiya elmləri doktoru, professor Səftər Süleymanovun “Duz stresi şəraitində qarğıdalı (Zea mays L.) xloroplastlarında biokimyəvi və struktur dəyişiklikləri”, institutun icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədovun “Buğda genotiplərində duzadavamlılığa cavabdeh bəzi namizəd genlərin ekspressiyasının öyrənilməsi”, KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Tofiq Allahverdiyevin “Buğda genotiplərinin quraqlığadavamlılığına görə seleksiyasında fizioloji əlamətlərin tədqiqi”, MBBİ-nin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimovanın “Xlorofilin flüoressensiyası vasitəsilə buğda genotiplərinin duz stresinə cavabının monitorinqi”, MBBİ-ni və Kanzas Dövlət Universitetinin Aqromonluq Departamentini təmsil edən biologiya elmləri doktoru Şahniyar Bayramovun “İtalyan Ryegrass bitkisində herbisid hədəf sahəsinin və xloroplast genlərinin ekspressiyasının herbisidlərə cavabı”, MBBİ-ni və Cənubi Koreyanın Pusan Dövlət Universitetini təmsil edən biologiya üzrə fəlsəfə doktorları İsmayıl Zülfüqarov və Aynurə Paşayevanın “Qısamüddətli işığa uyğunlaşma zamanı düyü bitkilərində Fotosistem II-nin dinamikliyinin tənzimlənməsi”, MBBİ-nin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanovanın “Yumşaq buğda genotiplərində malatdehidrogenaza sistemi (MDHs) fermentlərinin tədqiqi”, Turanə İsgəndərovanın “Yumşaq buğdada yarpağın qocalmasının ultrastruktur, biokimyəvi və molekulyar analizlərlə qiymətləndirilməsi”, AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutu Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirovun “Dəmyə şəraiti üçün payızlıq yumşaq buğdanın plastik sortlarının yaradılmasında morfofizioloji parametrlərin tətbiqi” mövzularında elmi məruzələri əksəriyyəti gənc alim və mütəxəssislər, doktorant və magistrlərdən ibarət olan iştirakçılar tərəfindən böyük maraqla dinlənilib. Çıxışlardan sonra geniş müzakirələr aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Tədbirin yekununda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək professor G.Qaraba və digər məruzəçilərə fotosintez prosesinin müxtəlif tərəfləri və apardıqları tədqiqatlarla bağlı etdikləri geniş spektrli məruzələrə görə təşəkkürlərini bildirib.

Akademik Cəlal Əliyevin fotosintez sahəsində apardığı tədqiqatların dünya miqyasında böyük əhəmiyyətini bir daha vurğulayan natiq böyük alim və müəllimin yaratdığı elmi məktəbin bundan sonra da yaşayacağını, daha da genişlənəcəyini, yeni-yeni uğurlara imza atmağa davam edəcəyini bildirib.

Sonda akademik İradə Hüseynova prefessor Gyözö Qaraba xatirə hədiyyəsi təqdim edib.

science.gov.az