sa sa 3153
“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işini başa vurub + Foto Dek 25, 2023 | 09:32 / Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə hybrid formatda keçirilən “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın ikinci günü də çox məsuldar olub. Konfrans öz işinə Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının rəhbəri professor Qərib Mürşüdovun plenar məruzəsi ilə başlayıb.

Daha sonra biologiya elmində qlobal çağırışlar və gələcək inkişaf perspektivləri; biologiyada rəqəmsal texnologiyalar, maşınöyrənmə üsulları və süni intellekt; bioetika və sintetik biologiyanın problemləri mövzularında parallel seksiya öz işini davam etdirib, bioloji müxtəliflik, ərzaq təhlükəsizliyinin təmin olunması, ekosistemlərin dayanıqlığı və ətraf mühitin mühafizəsində biologiya elminin iştirakı; biorisk və biotəhlükələr, onların qiymətləndirmə, önləndirmə və aradan qaldırılma üsulları, bioloji sistemlərə antropogen təsirlər, özünütəşkil və özünübərpa məsələləri mövzularında seksiya iclasları keçirilib. İclaslara 200-ə qədər yerli, həmçinin dünyanın 30-a yaxın ölkəsindən 100-ə yaxın alim və mütəxəssis qoşulub, 100-dən çox məruzə dinlənilib, 40-dan çox poster nümayiş etdirilib, geniş müzakirələr aparılıb.

Konfransın bağlanış mərasimində çıxış edən konfransın sədri, akademik İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin elm və təhsilə göstərdiyi yüksək diqqətin sayəsində Azərbaycanın biologiya elmində əldə edilmiş nailiyyətlər, böyük zəhmət bahasına hazırlanmış və bu gün dünyanın aparıcı elm mərkəzlərində çalışan yüksək ixtisaslı elmi kadrlar, tanınmış alimlər haqqında danışıb. Natiq qeyd edib ki, Azərbaycanın biologiya elminin inkişafında xüsusi rol oynayan elmi potensialda görkəmli alim və ictimai-siyasi xadim Cəlal Əliyev məktəbinin nümayəndələri üstünlük təşkil edirlər. 2 gün ərzində onların bir çoxu konfransda iştirak edərək, apardıqları tədqiqatlar, əldə etdikləri mühüm nəticələr haqqında məruzələrlə çıxış ediblər. Bu alimlərin həyat və elmi təcrübələri, hazırki konfransda etdikləri məruzələr və onlar ətrafında aparılan müzakirələr gənc alim və mütəxəssislər üçün əsl məktəbdir. Konfrans, həmçinin alimlər və elmi qurumlar arasında yeni elmi əlaqələrin yaranması baxımından da faydalı olmuşdur.

“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işini uğurla başa vurmuşdur.

science.gov.az