sa sa 2190
Akademik İradə Hüseynova Ekoloji məsələlər üzrə işçi qrupunun Ağdamda keçirilən iclasında iştirak edib + Foto Dek 28, 2023 | 11:34 / Mühüm hadisələr

Ağdamda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Ağdam Konfrans Mərkəzində keçirilən iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 və 2 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak edib.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji tədbirlər, regionun biomüxtəlifliyi, mineral xammal ehtiyatları və yeraltı suların monitorinqi və təftişi işləri, faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, müasir texnologiyalardan istifadə olunması, yol tikintisi işlərində tələb olunan xammal təminatı, Ağdam şəhərində aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası və inkişafı istiqamətində görülmüş işlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji”nin inkişafı və ekoloji mühitin keyfiyyətinin artırılması istiqamətində aparılan işlər, Ağdam şəhərində tətbiq olunan “yaşıl” texnologiyalar, yol-infrastruktur layihələrinin icrası zamanı ətraf mühitə təsirlər, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilib, bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan təkrar emal fəaliyyətinin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə tətbiqi ilə bağlı məsələlər müzakirə edilib.

İşçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın olduğu qeyd edib.

Eyni zamanda, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı barədə məlumat verib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbirdə Qarabağ iqtisadi rayonunun biomüxtəlifliyi, genetik ehtiyatları, institutlar tərəfindən regionda aparılmış monitorinqlər, Genetik Ehtiyatlar İnstitutunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi Tədqiqat Bazası və burada aparılan tədqiqat işləri və s. məsələlərlə bağlı təqdimatla çıxış edib.

İclasdan sonra iştirakçılar Ağdam rayonunun Kəngərli kəndinin ərazisində yaranan tikinti-söküntü tullantılarının təkrar emal olunması qurğusunun işi ilə tanış olublar.

Ağdama səfər gedişində akademik İradə Hüseynova, həmçinin Ağdam İmarət Kompleksinə gələrək, AMEA-nın əməkdaşları tərəfindən burada aparılan işlərlə tanış olub.

science.gov.az