sa sa 2253
Bitki fiziologiyası ixtisasında dissertasiya işinin müdafiəsi keçirilib + Foto Yan 10, 2024 | 12:00 / Mühüm hadisələr

Yanvarın 9-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında İlahə Nəzər qızı Hacıyevanın 2411.02 - Bitki fiziologiyası ixtisasında “Duzun yüksək qatılığının təsiri zamanı şəkər çuğunduru bitkisinin morfofizioloji və biokimyəvi xüsusiyyətlərinin tədqiqi” mövzusunda biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. İşin elmi rəhbəri bilologiya elmləri doktoru, professor, əməkdar elm xadimi mərhum Neymət Qasımov olmuşdur. Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, Səmra Mirzəyeva iddiaçının şəxsi işində olan məlumatlarla şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib. İddiaçı qeyd edib ki, ölkəmiz üçün müstəsna əhəmiyyətə malik olan, öz istifadə imkanlarına və iqtisadi səmərəliliyinə görə heç də dənli bitkilərdən geri qalmayan şəkər çuğunduru bitkisində duz stresi zamanı baş verən biokimyəvi, biometrik və morfofizioloji dəyişikliklərin öyrənilməsi və alınan nəticələrin praktik tətbiq sahələrinin müəyyənləşməsi dissertasiya işinin əsas istiqamətini təşkil etmişdir. Dissertasiya işində əldə olunmuş məlumatlar əsasında ölkəmizdə şəkər çuğundurunun introduksiya olunmuş sortları və ayrı-ayrı regionlarında olan əkin sahələrinin vəziyyəti və məhsuldarlığın hansı səviyyədə olması barədə informasiyanı əks etdirən məlumat bazası formalaşdırıla bilər. 

Rəsmi opponentlər - AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, Ibrahim Əzizov, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələddin Qədimov, biologiya üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Ağayev dissertasiya işinə verdikləri rəyi oxuyub, tədqiqat işinin tamamlanmış və elmi yeniliyə malik olduğunu qeyd edərək dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini, iddiaçının “Bitki fiziologiyası” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər.

Müzakirələrdə AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İlham Şahmuradov, biologiya elmləri doktorları Əhəd Nəbiyev, Səftər Süleymanov, Yaşar Feyziyev, Şahniyar Bayramov və digərləri iştirak ediblər. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Təklif və tövsiyələr səsləndirilib. İddiaçı şura üzvlərinin çoxsaylı suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib.

İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, İlahə Hacıyevaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.