sa sa 1988
MBBİ-nin dissertantı Elşən Məmmədovun fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto Fev 16, 2024 | 15:00 / Mühüm hadisələr

16 fevral 2024-cü ildə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertantı Elşən Məmmədovun 2415.01 – Molekulyar biologiya ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan populyasiyasında polimorfizmin STR markerlərlə tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasında və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Məhkəmə biologiya şöbəsinin Molekulyar genetika laboratoriyasında yerinə yetirilmişdir. E. Məmmədov dissertasiya işinin əsas müddəalarını şərh edib, işin aktuallığı, məqsədi, aparılan işlərin məzmunu və aldığı nəticələr barədə ətraflı məlumat verib. İlk dəfə olaraq bütün bölgələr əhatə olunmaqla Azərbaycan populyasiyasının 765 nəfərdən ibarət kifayət qədər təmsilçi nümunəsinin 15 autosom STR markerlərlə hərtərəfli tədqiq edilərək populyasiya-genetik və məhkəmə-tibbi parametrlər təyin olunmuş, kifayət qədər yüksək göstəricilərə malik olan bu parametrlərdən praktiki məqsədlər üçün istifadə tövsiyə edilmişdir. Populyasiya nümunəsində qan qrup göstəricilərinin polimorfizmi öyrənilmiş, onların əsasında seroloji metodlarla aparılan müayinələrin nəticələri genetik tədqiqatların aparılması ilə yoxlanılaraq göstərilmişdir ki, genetik metodlar birqiymətli olaraq daha dəqiq və etibarlıdır.

Dissertasiya ətrafında geniş müzakirələr aparılıb. Doktorant rəyçilərin və Elmi şura üzvlərinin suallarını cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması barədə qərar qəbul olunub.