İyulun 5-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda institutun 2024-cü ilin birinci yarımilliyi üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat dinlənilib və hesabat yekdilliklə qəbul edilib.
Elmi şuranın iclasında bir sıra kadr məsələlərinə də baxılıb. Proteomiks beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. Aynurə Paşayevanın Elmi şuranın tərkibinə daxil olunması məsələsi və Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Aygün Sadıqovanın dissertasiya işinə b.ü.f.d., dos. Mahirə Məmmədovanın ikinci elmi rəhbər təyin olunması və s. məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub. Sonra institutun əməkdaşları - akademik İradə Hüseynovanın rəhbərliyi altında nümayəndə heyətinin Almaniya Federativ Respublikasına, icraçı direktor Ələmdar Məmmədovun Türkmənistan Respublikasının Aşqabad şəhərinə, elmi işçilər - Aygün Sadıqovanın Çexiya Respublikasına Praqa şəhərinə, Günay İsmayılovanın Serbiya Respublikasının Novi Sad şəhərinə, kiçik elmi işçi Mehriban Şabanovanın Rusiya Federasiyasının Moskva şəhərlərində yerləşən K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutuna ezamiyyələri ilə bağlı hesabatlar dinlənilib. Sonda akademik İradə Hüseynoav Şura üzvlərinə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən instituta ünvanlanmış təşəkkür məktubu haqqında məlumat verib.