AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları 2-ci Fəxri Xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, qəbirləri üstünə gül-çiçək dəstələri qoyub onların ruhuna dualar oxuyublar. Daha sonra institutda 27 sentyabr - Anım günü ilə bağlı tədbir keçirilib. Öncə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncağı giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığını qeyd edib. Azərbaycan 44 günlük müharibə dövründə “Dəmir yumruq” əməliyyatı həyata keçirməklə erməni qəsbkarlarını darmadağın etdi. Nəticədə Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək, Azərbaycan xalqına böyük qələbə bəxş etdilər. Akademik İradə Hüseynova MBBİ kollektivinin əməkdaşlarının arasında da Birinci Qarabağ müharibəsinin əlilləri və iştirakçılarının, İkinci Qarabağ müharibəsində yaxınlarını itirən, övladları qazi olan əməkdaşların olduğunu xüsusi qeyd edib.
Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, şəhid və qazi ailələrinin üzvləri və yaxınları - institutun icraçı direktoru, b.ü.f.d. Ələmdar Məmmədov, laboratoriya müdiri, b.ü.f.d. Nurməmməd Mustafayev, elmi işçilər Aygün Sadiqova, Turanə İsgəndərova, institutun Mülki müdafiə qərargahının rəisi Mikayıl Paşayev, Təchizat və xidmət şöbəsinin əməkdaşları Nəsibə Abdullayeva və Fəzail Məmmədov çıxış edərək şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiram, sonsuz sevgi və qürurla yad ediblər.
Tədbirin sonunda 27 sentyabr - Anım gününə həsr olunmuş video-çarx nümayiş etdirilib.