MBBİ-nin Fotobioenergetika laboratoriyasının əməkdaşları “Antiçirkləndirici boyalar” dəyirmi masasında iştirak ediblər + Foto
Okt 31, 2024 | 03:37 / Konfranslar, iclaslar
31 Oktyabr 2024-cü il tarixində Fotobioenergetika laboratoriyasının əməkdaşları – biologiya üzrə fəlsəfə doktoru Yaşar Feyziyev, Ruslan Süleymanov və Könül Cümşüdlü Dokuz Eylül Universitetinin (izmir, Türkiyə) professoru, Dr. Levent Çavas tərəfindən internet üzərindən təşkil olunmuş “Antiçirkləndirici boyalar” dəyirmi masasında iştirak ediblər. Prof. L.Çavas dəniz qurğularında (gəmi, platforma, boru xətləri, balıqçı torları) çirkləndirici orqanizmlərə qarşı tətbiq olunan boyalar barədə ətraflı məlumat verib. Daha sonra “Jansenn PMP” şirkətinin nümayəndəsi Kurt De Meyer tərəfindən “ECONEA®: Gəmilərin gövdəsi və dəniz torlarının bioçirklənməsinə nəzarət üçün yeni nəsil texnologiyalar” mövzusunda çıxış edib. Görüş zamanı “Kapsullaşdırılmış EKONEA-nın köməyi ilə balıq torlarının antiçirkləndirici xüsusiyyətlərlə təmin edilməsi”, “Antiçirkləndirici boyalardan biosidlərin buraxılma sürətinin təyini”, “Fermentlərin və dəniz biomolekullarının ekoloji təmiz anti-biotəbəqə agentləri kimi potensialı” mövzularında yeni tədqiqat işləri haqqında məlumat dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb.