Elmi şuranın növbəti iclası keçirilib + Foto
Noy 01, 2024 | 16:00 / Konfranslar, iclaslar
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. İclasda 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların hazırlanması haqqında məsələ müzakirə olunub. Akademik İradə Hüseynova hesabatların yüksək səviyyədə hazırlanması, institut əməkdaşlarının Web of Science və Scopus kimi xarici elmmetrik bazalarda indeksləşən yüksək impakt faktorlu jurnallarda işıq üzü görmüş məqalələrindən və monoqrafiyalarından ibarət sərginin təşkili ilə bağlı tapşırıqlarını verib. O, bildirib ki, cari ildə PNAS (İF 9.2), “Biomedicines (İF 4,1), Polish Journal of Environmental Studies (İF 1,8) kimi jurnallarda əməkdaşların məqalələrinin dərc olunması institutun yüksək göstəricilərindən hesab olunur.
Sonra doktorant Ruslan Süleymanovun Türkiyə Respublikasının İzmir şəhərinə, b.ü.f.d. Aynurə Paşayevanın Yaponiyanın Kobe şəhərinə, b.ü.f.d, dosent Ələmdar Məmmədovun Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə, b.ü.f.d., dos. Ulduzə Qurbanova, b.ü.f.d. Nahidə Əliyeva və elmi işçisi Turanə İsgəndərovanın Türkiyənin İstanbul şəhərinə elmi ezamiyyətləri haqqında hesabatları dinlənilib və bir sıra təşkilati məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib.