sa sa 493
MBBİ-nin baş direktoru akademik İradə Hüseynova COP29 çərçivəsində mavi zonada keçirilən “Vahid Sağlamlıq Konfransı”nda iştirak edib Noy 20, 2024 | 17:00 / Konfranslar, iclaslar

Noyabr ayının 19-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksək səviyyəli dəyirmi masada iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, bir sıra digər aidiyyəti qurumların, o cümlədən sahə üzrə elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ətraf Mühit Proqramının və Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” və “Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzularında sessiyalar keçirilib. Sessiyada zoonoz xəstəliklərlə bağlı problemlərin həll olunması üçün hazırlanmış Milli Strategiyanın təqdimatı keçirilib, FAO-nun Baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, ÜHST-nin Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Budimir Plavşiç, ÜST-nin Avropa üzrə Regional Ofisinin yoluxucu xəslətliklər, ətraf mühit və səhiyyə üzrə direktoru Robb Batler və başqalarının çıxışları dinlənilib.