Noyabrın 19-da AR ETN Molekulyar Biologiya İnstitutunun baş direktoru akademik İradə Hüseynova, biologiya üzrə fəlsəfə doktorları Samirə Rüstəmova və Aytən Ağayeva COP29 çərçivəsində Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məsləhət Qrupunun (CGIAR) dəstəyi ilə keçirilən “Elmdən təcrübəyə: ərzaq sistemlərində ədalətli yanaşmalara keçidin inkişaf etdirilməsi” mövzusunda sessiyada iştirak ediblər.
Tədbirdə çıxış edən Mərkəzin həmsədri İsmail Serageldin iqlim dəyişikliyinin kənd təsərrüfatına, ərzaq istehsalına da böyük mənfi təsir göstərdiyini diqqətə çatdıraraq bildirib ki, aqroqida sistemləri ərzaq təhlükəsizliyinə və iqlimə davamlılığa nail olmaq üçün vacibdir. Elmi tədqiqatlar, regional əməkdaşlıq və innovativ maliyyələşdirmə aqroərzaq sistemlərində davamlı keçidin əsas hərəkətverici qüvvəsi kimi inkişaf etdirilməlidir.
Latviyanın iqlim və enerji naziri Kaspars Melnis ölkəsinin davamlı aqroərzaq sistemlərini dəstəkləmək üçün enerji və iqlim siyasətini necə inteqrasiya etməsindən danışıb, bu işdə yeni texnologiyaların tətbiqinin vacibliyindən söz açıb. Serbiyanın sabiq Prezidenti Boris Tadiç iqlim dəyişikliyinin, təbii fəlakətlərin ölkələrin ərzaq təhlükəsizliyinə mənfi təsirlərinin azaldılmasında elm mərkəzlərinin tədqiqatlarından yararlanmağın faydalarını vurğulayıb. Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev dövlətlərin kiçik fermerlərin dayanıqlı və iqlimə davamlı aqroərzaq sistemlərinə keçidində vacib rol oynaya biləcəyini deyib. Quraq Ərazilərdə Kənd Təsərrüfatı Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) alimi Akmal Akramxanov təmsil etdiyi qurumun dayanıqlı məhsul sortları və suya qənaət edən texnologiyalar kimi innovativ həllərin işlənib hazırlanması istiqamətindəki fəaliyyətindən bəhs edib.
Sessiyada CGIAR-ın tədqiqat və innovasiya təşəbbüslərindən söz açılıb, Azərbaycanda və Qafqaz regionunda uğurlu nümunələr əsasında kənd təsərrüfatı məhsuldarlığının yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsində genetik resursların rolu müzakirə olunub.