Noyabrın 27-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. Öncə 2024/2025-ci tədris ilində institutun doktoranturasına və dissertanturasına qəbul olunmuş doktorant və dissertantların dissertasiya mövzuları müzakirə olunub. Daha sonra Xloroplastların fotokimyası, Fotobioenergetika, Hüceyrənin membran sistemləri və Bionanotexnologiya laboratoriyalarının və həmçinin Veteranlar şurasının illik hesabatları dinlənilib. Məruzəçilər AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Yaşar Feyziyev, Səftər Süleymanov və Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Mehriban Şabanova aparılan elmi-tədqiqat işləri, alınan mühüm nəticələr, kadr hazırlığı, yerli və xarici mətbuatda nəşr olunan məqalələr və laboratoriya əməkdaşlarının yerli və beynəlxalq tədbirlərdə iştirakı haqqında Şura üzvlərinə ətraflı məlumat veriblər. Məruzələr ətrafında verilən suallar cavablandırılıb və müzakirələr aparılıb. Sonda hesabatlar yekdilliklə qəbul edilib.