Yanvarın 30-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında AR ETN Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Şəmsiyyə Elxan qızı Məmmədovanın “Mərcimək (Lens culinaris Medik) və lobya (Phaseolus vulgaris L.) sort nümunələrinin genetik müxtəlifliyinin və biokimyəvi göstəricilərinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Azәrbaycan Respublikası Elm vә Tәhsil Nazirliyinin Genetik Ehtiyatlar və Molekulyar Biologiya vә Biotexnologiyalar institutlarında yerinә yetirilib. İşin elmi rəhbərləri biologiya elmləri doktoru, dosent mərhum Hacı Şıxlinski və biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanovadır.
Şəmsiyyə Məmmədova dissertasiyanın əsas müddəalarını geniş şərh edib. İddiaçı qeyd edib ki, ilk dəfə olaraq Milli genbankda saxlanılan mərcimək və lobya kolleksiyasının biomüxtəlifliyi morfoloji göstəricilərin, biokimyəvi, molekulyar analizlərin köməyi ilə kompleks şəkildə qiymətləndirilmiş, fenotipik və genotipik baxımdan fərqlənən nümunələr aşkar edilmişdir. Müasir statistik üsullardan istifadə edilməklə biomorfoloji əlamətlərinə və məhsuldarlıq göstəricilərinə, o cümlədən, genetik profilinə görə bir-birindən fərqlənən 46 mərcimək və 15 lobya nümunəsindən ibarət özək kolleksiya yaradılmışdır.
Rəsmi opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb və opponentlərin tövsiyə və iradlarına cavab verib. Şura üzvləri dissertasiya ilə bağlı öz fikirlərini bildiriblər. İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Şəmsiyyə Məmmədovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.