sa sa 783
MBBİ-də növbəti elmi seminar keçirilib + Foto Fev 25, 2025 | 16:13 / Seminarlar

Fevralın 25-də AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututnda elmi seminar keçirilib. Seminarda Bionanotexnologiya beynəlxalq laboratoriyasının Biotexnologiya ixtisası üzrə II kurs doktorantı Mehriban Şabanova “Kimyəvi agentlərin Fotosistem II-yə olan təsiri” mövzusunda çıxış edib. Mehriban Şabanova apardığı tədqiqatın əsas məqsədinin yeni sintez olunan herbisidlərin FSII-yə təsir mexanizmlərinin öyrənmək olduğunu qeyd edib. Məruzəçi herbisidlərin kənd təsərrüfatında tətbiqi zamanı yaranan problemlərdən, FSI və FSII inhibitorlarından bəhs edib. Diuron (DCMU) inhibitorunu tətbiq etməklə yeni sintez olunan Cu əsaslı [CuL2]Br2 (L = bis{4h-1,3,5-triazino[2,1-b]benzotiyazol-2-amin, 4-(2-imidazol) metal-üzvi kompleksin fotosintetik membranlarda FSII-nin fəallığına təsir mexanizmi araşdırılmışdır. O, [CuL2]Br2 kompleksinin xlorofil flüoressensiyasının keçidlərinə ikili təsir göstərdiyini seminar iştirakçılarının diqqətinə çatdırıb. Kinetika boyunca flüoressensiyanın intensivliyi əhəmiyyətli dərəcədə azalır; eyni zamanda köməkçi "diurona bənzər" effekt müşahidə edilir. İlkin azalma həm DCMU-nun iştirakı, həm də DCMU olmadan baş verir. "Diurona bənzər" effekt yalnız DCMU olmadan müşahidə olunur. Bu göstəricilər əsasında yekun nəticəyə gəlinmişdir ki, [CuL2]Br2 kompleksinin FSII-də iki fərqli birləşmə saytı var: [CuL2]Br2 kompleksi yüksək affin saytda FSII-nin reaksiya mərkəzinin inhibirləşməsinə bənzər effekt göstərdiyi halda, aşağı affin saytda DCMU inhibitoruna oxşar təsir göstərir.

Məruzə ətrafında müzakirələr aparılıb. Gənc tədqiqatçı verilən sualları cavablandırırb.