sa sa 586
MBBİ-də Biotexnologiya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto Mart 04, 2025 | 14:02 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Günay İlman qızı İsmayılovanın 2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib. “İn vitro şəraitində təcrid edilmiş buğda kulturasında epigenetik dəyişikliklərin öyrənilməsi”mövzusunda təqdim edilən işin elmi rəhbərləri b.ü.f.d., dosent Mahirə Məmmədova və b.ü.f.d. Tofiq Qaragözovdur. Günay İsmayılova dissertasiya işinin əsas müddəalarını şərh edib, işin aktuallığı, məqsədi və aldığı nəticələr barədə ətraflı məlumat verib. Məruzəçi qeyd edib ki, dissertasiya işinin əsas məqsədi in vitro şəraitində təcrid edilmiş buğda kulturasında epigenetik dəyişikliklərin öyrənilməsi olub. Elmi işin nəticələri dəyişən ekoloji şəraitdə buğda məhsuldarlığını artırmaq və ərzaq təhlükəsizliyini təmin etmək baxımından faydalıdır. Bu isə daha az əmək və maliyyə tələb edən stresə davamlı bitki sortlarının yaradılmasına imkan verəcəkdir. Belə sortların inkişafı, dəyişən iqlim şəraitində istehsalın sabitliyinin qorunması, su resurslarının azlığı və torpaqların keyfiyyətinin pisləşməsi kimi çətinliklərə qarşı mühüm əhəmiyyət kəsb edir.

Dissertasiya ətrafında geniş müzakirələr aparılıb. İddiaçı rəyçilərin və iclas iştirakçılarının suallarını cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması barədə qərar qəbul olunub.