Martın 11-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İsgəndərova Turanə Yaşar qızının 2415.01 – Molekulyar Biologiya ixtisasında “Flaq yarpağin təbii və quraqlıqla induksiya olunan qocalması zamani buğdada antioksidant sistemin, ultrastruktur xüsusiyyətlərin və bəzi genlərin ekspressiyasinin tədqiqi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri akademik İradə Hüseynovadır. Dissertasiya işinin rəsmi rəyçiləri AR KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov və Montpelye şəhəri Bitki Elmləri İnstitutunun elmi işçisi PhD Nurealam Siddiquidir. İddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edib, işin aktuallığı, məqsədi və alınan nəticələr barədə ətraflı məlumat verib. Turanə İsgəndərova qeyd edib ki, qocalma prosesi ilə əlaqədar nəzəri və praktiki biliklər hələki yalnız model bitkilərlə məhdudlaşır və müxtəlif bitkilərdə yarpaq qocalmasına cəlb olunmuş molekulyar və biokimyəvi proseslərin konservativ olması ehtimal olunur. Bu proseslərin buğda kimi qida əhəmiyyətli və genetik cəhətdən mürəkkəb kulturada tədqiqi bütün dənli bitkilərdə qocalmanın əsasında dayanan mexanizmlərin dərk edilməsinə gətirib çıxaracaq. Qocalma prosesi ilə əlaqəli genlərin transkriptom analizi genetik tənzimləyici şəbəkənin idarə edilməsinə töhfə verəcəkdir. Dissertasiya işində əldə olunan nəticələr qocalma prosesini manipulyasiya etmək üçün hədəfləri müəyyən edir və su qıtlığı şəraitində yaranan erkən yaşlanmanın ləngidilməsi məhsuldarlığın artırılmasıana imkan verəcəkdir.
Dissertasiya ətrafında geniş müzakirələr aparılıb. İddiaçı verilən sualları cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması haqqında qərar qəbul olunub.